Məktəblərin bağlanması və yay tətilinin başlaması ilə uşaq və yeniyetmələrin telefon, planşet, kompüter və oyun konsolları qarşısında keçirdiyi vaxt əhəmiyyətli dərəcədə artır.
Sherg.az-ın məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, nəzarətsiz ekran istifadəsi həm fiziki, həm də psixoloji sağlamlıq üçün risk yarada bilər.
Klinik psixoloq İsmail Anıl Usta bildirib ki, problem texnologiyanın özündə deyil, onun uşağın həyatında həddindən artıq yer tutmasındadır. Onun sözlərinə görə, ekran həm faydalı təhsil vasitəsi, həm də vaxt itkisinə səbəb olan vərdiş ola bilər.
Mütəxəssis qeyd edib ki, uzun müddət ekran qarşısında qalmaq fiziki aktivliyin azalmasına, artıq çəkiyə, duruş pozuntularına, əzələ-skelet sistemi problemlərinə və göz yorğunluğuna səbəb ola bilər. Bundan əlavə, xüsusilə gecə saatlarında telefon və planşet istifadəsi yuxu rejimini pozur və uşaqların əhvalına, diqqətinə və öyrənmə qabiliyyətinə mənfi təsir göstərir.
Psixoloq vurğulayıb ki, sürətli rəqəmsal məzmuna davamlı məruz qalmaq diqqət dağınıqlığını artırır, uşaqların kitab oxumaq, yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq və uzun müddət bir işə fokuslanmaq bacarıqlarını zəiflədə bilər.
Sosial şəbəkələrin təsirinə də diqqət çəkən İsmail Anıl Usta bildirib ki, yeniyetmələr tez-tez özlərini başqaları ilə müqayisə edir, bu isə özgüvən problemlərinə və natamamlıq hissinin yaranmasına səbəb ola bilər.
Mütəxəssis ailələrə gündəlik ekran vaxtını əvvəlcədən müəyyənləşdirməyi, texnologiyanı tam qadağan etməməyi, lakin nəzarətsiz də buraxmamağı tövsiyə edir. O, həmçinin idman, kitab oxumaq, incəsənət və ailəvi fəaliyyətlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini vurğulayıb.
Psixoloqun fikrincə, yay tətili uşaqlar üçün yalnız ekran qarşısında deyil, dostlarla ünsiyyət, açıq havada oyunlar və real həyat təcrübələri ilə zəngin keçməlidir. Bu, onların rəqəmsal dünya ilə real həyat arasında sağlam balans qurmasına kömək edəcək.