"World Shine Pharma"dan Azərbaycana böyük etimad: Yeni layihələr yoldadır

Səhiyyə sektorunda innovativ yanaşması ilə seçilən World Shine Pharma Azərbaycandakı fəaliyyətini genişləndirməyi və Bakını şirkətin strateji inkişaf mərkəzlərindən birinə çevirməyi hədəfləyir.

Şirkətin İdarə Heyətinin sədri Efecan Çubukçuoğlu Sherg.az-a bildirib ki, Bakı təkcə Azərbaycanın deyil, həm də Qafqaz və Mərkəzi Asiya bazarlarına açılan ən mühüm ticarət və logistika qovşaqlarından biridir. Onun sözlərinə görə, Azərbaycanın səhiyyə sektoru böyük inkişaf potensialına malikdir.

Efecan Çubukçuoğlu qeyd edib ki, Azərbaycan, xüsusilə də Bakı şəhəri şirkətin uzunmüddətli inkişaf strategiyasında xüsusi yer tutur:

“Ölkənin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu və regional bazarlara çıxış imkanları burada güclü tərəfdaşlıqlar qurmağımıza şərait yaradır. Məqsədimiz yalnız kommersiya uğurları əldə etmək deyil, eyni zamanda səhiyyə sahəsində davamlı layihələr həyata keçirmək, əczaçılar və səhiyyə mütəxəssisləri ilə sıx əməkdaşlıq quraraq ölkənin səhiyyə sisteminin və iqtisadiyyatının inkişafına töhfə verməkdir”.

World Shine Pharma-nın yaxın dövrdə əczaçılıq müəssisələri, səhiyyə təşkilatları və yerli tərəfdaşlarla həyata keçirəcəyi yeni layihələr vasitəsilə Azərbaycandakı mövqeyini daha da gücləndirəcəyi gözlənilir.

Şirkət innovativ sağlamlıq məhsulları, güclü təchizat infrastrukturu və beynəlxalq inkişaf strategiyası əsasında fəaliyyətini davam etdirir. World Shine Pharma hesab edir ki, Bakı şirkətin Qafqaz regionunda həyata keçirdiyi inkişaf planlarının əsas koordinasiya mərkəzlərindən birinə çevriləcək.

Şirkət rəsmilərinin sözlərinə görə, Azərbaycanın səhiyyə sektorunun inkişafına töhfə verəcək investisiyaların həcmi qarşıdakı illərdə daha da artırılacaq. Bakı isə regional fəaliyyətlərin əlaqələndirildiyi strateji mərkəz kimi mühüm rol oynamağa davam edəcək.