Yaşlanmanı ləngitmək üçün hər il təxminən 2 milyon dollar xərcləyən amerikalı texnologiya milyarderi Bryan Conson sağalmaz autoimmun qastrit diaqnozu aldığını açıqlayıb.
Sherg.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

47 yaşlı Conson bildirib ki, immun sistemi mədəsinin sağlam hüceyrələrinə hücum edir. O, vəziyyətini "Mədəm öz-özünü yeyir" sözləri ilə təsvir edib. Onun sözlərinə görə, xəstəlik uzun müddət heç bir əlamət vermədən inkişaf edib.

Bryan Conson uzun illərdir "Blueprint" adlı proqram çərçivəsində qidalanma rejimi, intensiv məşqlər, müntəzəm tibbi müayinələr və onlarla mütəxəssisin nəzarəti altında yaşlanmanı ləngitməyə çalışır.

Həkimlərin məlumatına görə, autoimmun qastrit immun sisteminin mədə hüceyrələrinə hücumu nəticəsində yaranan xroniki xəstəlikdir. Bu xəstəlik B12 vitamini çatışmazlığı, qanazlığı və bəzi hallarda mədə xərçəngi riskini artıra bilər. Hazırda onun tam müalicəsi mövcud deyil.