Zülaldan imtina edənlər diqqət! - Diabet və erkən qocalma riski artır

Zülal qəbulunun azaldılmasının sağlamlığı yaxşılaşdırdığı və ömrü uzatdığı barədə yayılan iddialar elmi baxımdan kifayət qədər əsaslandırılmayıb.

Sherg.az xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova bildirib. O xəbərdarlıq edib ki, zülaldan imtina edərək onu şirniyyat və un məmulatları ilə əvəz etmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, hərəkətsiz həyat tərzi keçirən insanlar üçün əsas məsələ zülal qəbulunu azaltmaq deyil, ümumi kalori qəbuluna nəzarət etməkdir. O qeyd edib ki, zülal əvəzinə şəkərli və yüksək karbohidratlı qidaların seçilməsi piylənmə, iltihabi proseslər, 2-ci tip diabet və erkən qocalma riskini artırır.

Pavlova vurğulayıb ki, zülala gündəlik tələbat yaşdan, cinsdən, sağlamlıq vəziyyətindən və həyat tərzindən asılı olaraq dəyişir. Orta hesabla hər kiloqram bədən çəkisinə 0,8 qram zülal qəbul edilməsi tövsiyə olunur.

Həkim əlavə edib ki, zülalın ən yaxşı mənbələri ət, balıq, yumurta və süd məhsullarıdır. Onun sözlərinə görə, sağlam qidalanmanın əsas prinsipi zülaldan imtina etmək deyil, balanslı və normaya uyğun qidalanmanı qorumaqdır.