“Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskla Bakıda keçirilən həm təkbətək, həm də geniş tərkibdə görüşləri Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, Donald Tusk bundan əvvəl də Azərbaycanda səfərdə olub:
“Prezident İlham Əliyevin Brüsseldə Donald Tuskla dəfələrlə görüşdüklərini və Azərbaycan-Aİ münasibətlərini müzakirə etdiklərini yaxşı xatırlayırıq. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu da olduqca böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının bildirdiyi kimi Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlərin mövcudluğu onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Donald Tuskla Bakıda keçirilən bu son görüşdə də Prezident İlham Əliyev gündəlikdə duran cari məsələləri müzakirə edib. Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdırmaq istiqamətində söhbət aparıb. Dövlət başçısı Aİ ilə tərəfdaşlığın müsbət məcrada inkişaf etdiriləcəyinə inandığını xüsusilə qeyd edib. Çünki bu ilk növbədə Azərbaycanın geostrateji maraqlarına xidmət edir”.
Ə.Hüseynovun fikrincə, Prezident İlham Əliyevin Aİ Şurasının rəhbəri Donald Tuskla görüşdə aktual məsələlər ətrafında apardığı müzakirələr Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin daha da şaxələnməsinə müsbət təsirini göstərəcək:
“Nəzərə alaq ki, Avropa İttifaqı dəngələri və oyun qaydaları sürətlə dəyişən hazırki dünyada əsas güc mərkəzlərindən və geopolitik vektorlardan biridir. Azərbaycanın Aİ ilə münasibətlərinin get-gedə daha da sıxlaşması rəsmi Bakı üçün prioritet məsələlərdən birinə çevrilməklə bərabər, həm də beynəlxalq proseslərdə manevr imkanlarımızı artırır.
Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi üçün bizə əlavə zəmanətlər vermiş olur. Odur ki, cənab Tuskun Bakıya son səfərini və onun Prezident İlham Əliyevlə apardığı danışıqların əhəmiyyətini yüksək qiymətləndiririk”.