AZAL-a məxsus mülki təyyarə isə beynəlxalq aviasiya hüquqları ilə qorunur və toxunulmazdır. Onun vurulması isə beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qiymətləndirilir
Azərbaycanın AZAL-a məxsus təyyarəsinin vurulması ilə bağlı irəli sürülən haqlı tələblərə cavab olaraq, Rusiya Prezident Administrasiyası bu məsələni Rusiya mediasına yönəldərək, bir "fas" komandası kimi görünür. Eyni zamanda rəsmi Moskva, özünün nəzarətindəki media kanalları vasitəsilə, 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasını eyni kontekstdə müqayisə etməyə çalışır. Lakin bu iki hadisəni bir-biri ilə əlaqələndirmək istəyən Rusiya unudur ki, Azərbaycan tərəfi həmin vaxt bir sıra suallar verə bilərdi. 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri üçtərəfli bəyanat imzalayıblar. Lakin həmin gün, 9 noyabrda saat 18:30-da, Rusiyaya məxsus helikopter Naxçıvan hissəsində Azərbaycan-Ermənistan sərhədində vurulub. Bu helikopter nə səbəbdən həmin ərazidə olub?
Rusiyaya məxsus sülhməramlılar hələ Qarabağda yerləşdirilməmişdi və aktiv döyüşlər davam edirdi. Bu halda, Rusiyanın helikopteri Ermənistan-Azərbaycan sərhədinə yaxın bir məsafədə, günün qaranlıq vaxtında, aşağı hündürlükdə uçuş edirdi və bu uçuş, həmçinin, Ermənistana məxsus hərbi kolonunu müşayiət edirdi. Rusiya bu halları necə izah edə bilər?
Buna baxmayaraq, Azərbaycan tərəfi, hərbi əməliyyatlar davam edərkən, sərhəddə yaxınlaşan naməlum helikopteri legitim hədəf olaraq qəbul etsə də, konfrontasiyadan qaçdı. Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edərək üzrxahlıq etdi. Həmçinin helikopterin tam qiyməti ödənildi və həlak olan hərbçilərin ailələrinə kompensasiya verildi.
Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Sherg.az"a deyib ki, Rusiya tərəfinin Azərbaycanın AZAL-a məxsus təyyarəsinin vurulmasını 2020-ci il noyabrda baş vermiş hadisəylə paralel aparması həm hüquqi baxımdan qeyri-etik sayılır, həm də mənəvi baxımdan əsassızdır:
"Rəsmi Moskva və bu ölkənin mediası başa düşür ki, təyyarə Rusiya səmasında ikitərəfli hücuma məruz qalıb. Bir tərəfdən GPS sisteminə müdaxilə edildiyi üçün idarəetmə qabiliyyətini itirib. Digər tərəfdən isə Pantsir-S1 raketinin atılması nəticəsində zədələnib. Eyni zamanda Qroznıya uçan mülki təyyarə məhz razılaşdırılmış reyslər idi. Əgər Rusiya səmasında təhlükəli vəziyyət var idisə, hər şeydən əvvəl Azərbaycanı bu barədə məlumatlandırmalı və uçuşların ləğvi ilə bağlı qərar qəbul edilməli idi. Bununla yanaşı Rusiya nəyinki təyyarənin enməsinə razılıq verməyib, hətta yaxın aeroportlardan birinə tərəf də yönəltməyib. Deməli qarşı tərəfdə artıq təyyarənin zədələnməsi haqqında məlumatlar var idi. Sadəcə onlar qəzanın Rusiya ərazisində baş verməsini istəmirdilər. 2020-ci il noyabrda Rusiyaya məxsus təyyarə vurularkən Üçtərəfli Bəyanat hələ imzalanmamışdı. Yəni bölgədə vəziyyət gərgin və müharibə şəraitində idi. Üstəlik, Rusiya təyyarəsi Ermənistandakı hərbi kolonları müşahidə edirdi. Bütün bunların rəsmi Moskvanın hadisələrə təsadüfi yanaşmasına şərait yaratmır və şübhə altına alır. Buna baxmayaraq həmin vaxt Azərbaycan dərhal məsuliyyəti öz üzərinə götürərək Rusiyadan üzr istədi və konpensasiya ödədi. Halbuki rəsmi Bakı mübahisə edə bilərdi ki, müharibə zamanı sərhədə yaxın istənilən hərəkət edən hərbi qüvvələr legitimdir".
Hüquqşünas vurğulayıb ki, AZAL-a məxsus mülki təyyarə isə beynəlxalq aviasiya hüquqları ilə qorunur və toxunulmazdır. Onun vurulması isə beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qiymətləndirilir:
"Rusiya media vasitəsilə Azərbaycana qarşı qara piar aparır və bundan siyasi basqı kimi istifadə etmək istəyir. Rəsmi Moskvanın bu hərəkəti konstruktiv dialoqun aparılması və münasibətlərin normallaşmasına xidmət etmir. Lakin Rusiya mədənilik göstərərək qəzanın əsl səbəblərini təqdim etməli idi. Eyni zamanda məsuliyyəti öz üzərinə götürərək konpensasiya ödəməli idi. Ümumiyyətlə Rusiyanın bayağı propaqanda aparmasının əvvəllər də şahidi olmuşuq. Bu və digər primitiv təbliğat üsulları Rusiyanın özünün imicinə zərər vurur. Azərbaycan isə öz tələblərində tam haqlıdır. İnanırıq ki, beynəlxalq ictimaiyyət məsələyə obyektiv yanaşacaq və günahkarlar hüquqi cəhətdən məsuliyyətə cəlb olunacaq".