Türkoloq-alim: Zəngəzur dəhlizi ilə bağlı son sözü Azərbaycan və Türkiyə deyəcək

Rusiyasız və Qərbsiz, yəni onların nəzarəti olmadan Zəngəzur dəhlizinin açılması mümkündür, buna gücümüz yetər

“TRT Vorld”ün Zəngəzur dəhlizi ilə bağlı yayımladığı xəritə və məqalə Ermənistanda narahatlıq doğurub. Məqalədə İranın Suriyadakı məğlubiyyət və Yaxın Şərqdə proksilərinə endirilən ağır zərbələr səbəbindən çətin vəziyyətə düşdüyü bildirilir. Tehranın yaşadığı ağır iqtisadi çətinliklər də nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılmasına razı olmaqdan başqa çarəsinin qalmadığı qeyd olunur. İranın dəhlizlə yanaşı bir neçə regional layihələrə baxışını təkrardan nəzərdən keçirə biləcəyi deyilir. Məqalədə dəhlizlə bağlı yer alan xəritə xüsusi diqqət çəkir. Belə ki, xəritəyə əsasən dəhlizin başlanğıc nöqtəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsi, bitiş nöqtəsi isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəridir. Nəşr yazır ki, dəhlizin açılması İran üçün də faydalı olacaq, o, Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə biləcək. Sözügedən məqalə və xəritə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Yerli mətbuat, siyasətçilər və ictimaiyyət arasında narahatlıq artıb. Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” adlandıran İranın qərarını dəyişərək dəhlizin açılmasına razılıq verməsi ehtimalı erməniləri təşvişə salıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın onsuz da bu məsələyə razı olduğunu, Tehranın da fikrini dəyişməsi ilə dəhlizin açılmasına heç bir maneənin qalmadığı bildirilir. Qeyd edək ki, ötən gün Moskvada Rusiya XİN başçısı Sergey Lavrovun "Zəngəzur bölgəsində Rusiyanın mövcudluğunu genişləndirməsi" ilə bağlı açıqlaması da müzakirələrə yol açdı və Zəngəzur dəhlizi məsələsini gündəmə daşıdı. Azərbaycan Prezidenti yanvarın əvvəlində "Zəngəzur dəhlizi açılmalıdır və açılacaq" deyib. Ermənistanın bununla bağlı ümumi mövqeyi isə bəllidir. İrəvan alternativ yolları gündəmə gətirir və rusların dəhlizdə olmasına qarşı çıxır. 

Türkoloq-alim, siyasi şərhçi Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi məsələsi həm aktuallığını qoruyub saxlayır, həm də get-gedə mürəkkəbləşir. Ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, Zəngəzur dəhlizi mütləq açılmalıdır:
 "Bu, eyni zamanda ticari-iqtisadi dəhliz, nəqliyyat infrastrukturu olmaqla yanaşı, həm də Türk dünyasına yolun açılmasıdır. Əlbəttə, türk dünyasına inteqrasiyanın güclənməsi, o cümlədən iqtisadi amillərin daha yüksək səviyyəyə qaldırılması Türkiyə, Azərbaycan və digər türk dövlətləri üçün çox önəmlidir. Problem odur ki, Rusiya dəhlizə nəzarətin onun əlində olmasını istəyir və bunda israr edir. Rusiyanın son dönəmlərdə İranla ikitərəfli əməkdaşlığı gücləndirməsi, gediş-gəlişi artırması da bununla bağlıdır. Moskva bilir ki, İran hökuməti Qərbin, ABŞ və Avropanın Ermənistanda, ümumən bölgədə olmasından ciddi narahatlıq duyur. İrəvan isə çalışır ki, Zəngəzur dəhlizi Qərb dövlətlərinin himayəsi altında açılsın və fəaliyyət göstərsin". 

F.Ələkbərli qeyd edib ki, tarixi reallıq odur ki, tarixi torpaqlarımızı, Zəngəzuru vaxtı ilə ermənilərə hədiyyə edənlər elə Rusiya, Fransa, Böyük Britaniya kimi dövlətlər olub:
 "Bizim iradəmiz olmadan Zəngəzurun bir hissəsi Ermənistan SSRİ-yə verilib. Məqsəd Türk dünyasını bölmək, Türk dünyasının coğrafi birləşməsinin qarşısını almaq idi. Zəngəzur dəhlizinin reallaşması həmin məqsədin aradan qalxması deməkdir. Rusiya və İranın məqsədləri bəllidir. Amma bu məsələdə son sözü Azərbaycan və Türkiyə deyəcək. Hesab edirik ki, Ermənistanı da razı salmaqla Azərbaycanın və Türk dünyasının maraqlarına cavab verəcək Rusiyasız, eləcə də Qərbsiz bir Zəngəzur dəhlizi açılmalıdır. Təbii ki, Rusiya və İran bir yandan öz oyunlarını oynayacaqlar. Fransa kimi digər ölkələr də problemlər yaratmağa çalışacaqlar. Ancaq Rusiyasız və Qərbsiz, yəni onların nəzarəti olmadan Zəngəzur dəhlizinin açılması mümkündür, buna gücümüz yetər. Əsas məsələ İrəvan hökumətini kənar qüvvələrin təsir dairəsindən uzaqlaşdırmaqdır. Ermənistan rəhbərliyi də ağlını başına cəm edərək Türkiyə və Azərbaycanın önəmini dərk etməli, dəhliz məsələsində problem yaratmamalıdır".