“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü xarici siyasətin doğru olduğu bir daha təsdiqlənir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Ekspert bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin Bakıya sonuncu işgüzar səfərləri də belə deməyə ciddi əsas verir:
“Generallar iyulun 10-da Prezident İlham Əliyevin qəbulunda olublar və Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparıblar. Daha sonra Gerasimov və Uolters arasında görüş olub. Bu, Rusiya və NATO rəsmilərinin Azərbaycan paytaxtında ilk görüşü deyil.
Alyansa üzv dövlətin təmsilçisi ilə Rusiyanın hərbi rəsmisi arasında ilk görüş 2017-ci ilin fevral ayında olub. 2018-ci ildə Gerasimov Azərbaycan paytaxtında NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının baş komandanı Kertis Skaparotti ilə görüşüb.
Ötən görüşlərlə bağlı yayılan məlumatlara görə, tərəflər mövcud vəziyyətə dair məsələləri müzakirə ediblər. Yeri gəlmişkən, alyansla Rusiya arasında mülki və hərbi sahə üzrə əməkdaşlıq tamamilə dayandırılıb.
Bir-biri ilə əməkdaşlığı dayandıran iki tərəfin Bakıda yenidən görüşməsi həm də Azərbaycana verilən əhəmiyyət, onun tərəflərə münasibətinin göstəricisinin nəticəsidir.
Heç şübhəsiz, bu görüşün yenidən Bakıda keçirilməsinin bir sıra üstünlükləri var. Təbii ki, tərəflər də həmin özəlliyə görə Azərbaycan paytaxtını münasib biliblər”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanda başqa dövlətin qoşunu yoxdur. Bu baxımdan ölkəmiz neytrallığını qoruyub:
“Azərbaycan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmadığından qarşı tərəf üçün Rusiyanın hərbi cəhətdən təsir dairəsinə daxil deyil. Azərbaycan NATO-ya üzv deyil və alyansın Azərbaycanla münasibəti daha çox əməkdaşlıq səviyyəsindədir.
Cənubi Qafqazdakı qonşularla müqayisədə ölkəmizin tutduğu mövqe isə Rusiyanı qane edir. Bu tədbirin bir sıra səbəblərdən keçmiş SSRİ-nin başqa respublikalarında da keçirilməsi mümkünsüzdür. Çünki onlar ərazisində danışıqlar aparmaq müəyyən mənada NATO və Rusiya ərazisi sayıla bilər.
Əlbəttə, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəblərindən biri də Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, nəqliyyat dəhlizləri layihələri ilə bağlıdır.
Bu, onun beynəlxalq aləmdə statusunu və mövqeyini daha da möhkəmləndirib. Heç şübhəsiz, Bakının belə mühüm görüşlərə ev sahibliyi etməsi həm də Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsi, onun şəxsi nüfuzu, dövlətin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır”.
Analitik vurğulayıb ki, görüş məkanı kimi Bakının seçilməsi göstərir ki, Azərbaycan beynəlxalq hərbi birliklərə üzv olmasa da, ABŞ, Avropa İttifaqı və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir:
“Bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində uğurlu iştirakı Azərbaycanın təkcə regionda deyil, daha geniş miqyasda sabitləşdirici rol oynadığının göstəricisidir.
Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində atdığı addım, regionda və beynəlxalq miqyasda terrora qarşı mübarizəyə qarşı çıxması respublikanın əhəmiyyətini artıran amillərdəndir.
Azərbaycanın tarixən Şərqlə Qərb arasında körpü rolunu oynaması onun strateji məsələlərin həyata keçməsində daşıdığı əhəmiyyətdən xəbər verir.
Beləliklə, görüşün Bakıda keçirilməsi həm də Azərbaycanın Qərb bloku ilə Rusiya arasında tutduğu mövqeyin beynəlxalq münasibətlərin tənzimlənməsinə töhfəsidir”.