Müsavat Partiyasının rəhbərliyində saxta sənəd qalmaqalı yaşanır. Bir müddət öncə təşkilatın Divan üzvü və Salyan rayon təşkilatının sədri Yadigar Sadıqlının mühacirət üçün bir şəxsə saxta arayış verdiyi haqqında sosial şəbəkədə sənəd yayıldı. Bu sənədi də, partiya sədrinin müavini Səxavət Soltanlı ictimailəşdirdi. Bundan sonra Y.Sadıqlı həmin sənədin onun vermədiyini açıqladı və partiya rəhbərliyindən bu sənədin təşkilata necə daxil olduğu hesabatını istədi. Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə araşdırma aparıldığını, bu haqda açıqlama veriləcəyini söylədi. Lakin məsələnin üzərindən aylar keçsə də, hələlik bununla bağlı qaranlıq məqamlar var.
Dünən Y.Sadıqlı yenidən saxta sənəd məsələsini gündəmə gətirib. Sherg.az-ın xəbərinə görə, Divan üzvü sosial şəbəkədə G.Aslanlıya sual ünvanlayıb: “Gülağa Aslanlı bəy, düz bir il öncə partiyaya daxil olan, məndən gizlədilən, fevral ayında Səxavət Soltanlının qəfildən ictimaiyyətə açıqladığı saxta arayışla bağlı araşdırma nə yerdə qaldı? Söhbət mənim guya Salyan təşkilatının sədri kimi yazdığım arayışdan gedir. Mənbəyini tələb edəndə mənə deyilmişdi ki, araşdırma gedir. Məsələ ictimai açıqlandığı üçün mən də buradan soruşmaq məcburiyyətindəyəm”.
Sadıqlının sualına Aslanlının cavabı gecikməyib: “Yadigar bəy, mən partiyaiçi müzakirələri sosial şəbəkələrdə müzakirəni düzgün hesab etmirəm. Hətta mənə partiya üzvləri tərəfindən böhtan atılanda da. Sabah qərargahda görüşəndə müzakirə edərik”.
Bundan sonra müzakirə deyişmə şəklində davam edib. Hətta qarşılıqlı ittihamlar da səsləndirilib. Y.Sadıqlı G.Aslanlının cavabı ilə qane olmayıb: “Yox, bəy. Bu məsələ ictimailəşib və nəticələr də ictimaiyyətə bəlli olmalıdır. Mən bunu açıqda soruşmasam, üzərimdə şübhələr qalar”.
Gülağa Aslanlı: “Mən nə etməli, necə etməli olduğumu və səlahiyyətlərimi bilən adamam. İctimailəşdirmək və ya ictimailəşdirməmək hər kəsin öz hüququdur. Pərdə arxasından mənə hücuma hazırlaşanlardan etik qaydalara əməl etmələrini arzulayıram”.
Y.Sadıqlı: “Gülaga bəy, artıq ictimailəşib. Hələ fevral ayında”.
G.Aslanlı: “O, sənədin Yadigar Sadıqlı tərəfindən verilmədiyinə partiya rəhbərliyində heç bir şübhə olmadığı, sənəd yayılanda da bildirilib. Qalan məsələlərin aydınlaşdırılması bəzən illərlə çəkə bilər. Saxta sənəd düzəldən şəbəkə var. Onun tapılmasında biz də maraqlıyıq. Baş Prokurorluq da bu işlə məşğuldur. Bir şey dəqiqdir ki, saxta sənədlər Müsavat Partiyasına aid deyil. Hələ mənə belə fakt təqdim olunmayıb”.
Y.Sadıqlı: “Bəy, o sənəd Müsavat Partiyasına haradan daxil olub? Niyə bunu məndən, həm Divan üzvündən, həm də sənəddə adı keçən adamdan gizlədirsiniz?”.
G.Aslanlı: “Yazdım ki, qərargahda müzakirə edərik. Aydın olmadımı?”.
Y.Sadıqlı: “Yox. İctimailəşən məsələyə burada aydınlıq istəyirəm. Hamı bilsin ki, nə baş verir”.
G.Aslanlı: “Yadigar bəy bu 9 ayda Divanda və ya qərargahda məndən bu sənəd barəsində heç nə soruşmadığınız halda, indi sosial şəbəkədə belə israrlı olmağınızın səbəbi nədir?”.
Y.Sadıqlı: “Əvvəla, 5 aydır bilirəm. İkincisi, o sənəd burada açıqlanıb, hamı xəbərdar olub. Ona görə nəticəni də hamının bilməsini istəyirəm. Göndərən adamın adını demək nə böyük sirdir ki, burada demirsiniz?”.
G.Aslanlı: “Mənə məlumat ötürən adamı ictimailəşdirmək öhdəliyim yoxdur və burada yazmayacağam. Bunu niyə aylardan sonra burada soruşursunuz, sorğuma cavab görmədim”.
Y.Sadıqlı: “Demişdiniz araşdırıram, mən də gözləyirdim. Mən belə qənaətə gəlirəm ki, o sənəd məni ləkələmək üçün elə Bakıda düzəldilib”.
G.Aslanlı: “Bu da olsun növbəti böhtanınız. Amma yalan və böhtan yeriməz. O sənəddən sənə qarşı bir kəlmə də istifadə olunmayıb. Xoflu olmaq qələbəyə aparan yol deyil, Yadigar bəy. Elə sənəddən mənim adıma düzəldilənin 20-si Baş Prokurorluğun Ağır Cinayətlər İdarsində var və mən narahat deyiləm, çünkü saxta olduğu açıq bilinir. Özümə də arxayınam”.
Y.Sadıqlı: “Böhtan atan sizlərsiz, Gülağa bəy. Pərdəni götürməyin. Sizin adınıza nə var, məni maraqlandırmır. Mənim adıma olan var, bu barədə məsələni ictimailəşdirmisinizsə, araşdırma aparıldığını demisinizsə, zəhmət çəkin, ictimaiyyətə məlumat verin”.
G.Aslanlı: “Mənim bir böhtanımı göstər, hamı görsün. Sənin məqsədin mənimlə dartışmaqdırsa, buyur. Mən ictimai yerdə söyüş söyüb, səhvini etiraf etməyə gücü çatmayan adamla sosial şəbəkədə dartışmağı özümə yaraşdırmıram. Ona görə də pərdəni bərk tutmuşam. Nahaq əziyyət çəkirsən, mənlə alınmaz”.
Y.Sadıqlı: “Böhtan elə bu sənəddir. Necə olur sizin adınıza olan sənədləri kimsə görmür, mənim adıma olan görünür və məlumat da vermək istəmirsiniz? Nə haqqınız var məndən gizlətməyə?”.
G.Aslanlı: “Siz sənədlə, mən tanış olan gündə, bir neçə saat sonra tanış olmusunuz. Indi bu suallırı burada verməyin yeri yoxdur”.
Y.Sadıqlı: “O zaman Bakıda hazırlanmaqla bağlı fikrimi özünüzə götürüb əsəbləşməyin”.
G.Aslanlı: “Nəticə də sizdən gizlədilməyəcək. Sadəcə səbrli olun və məsəlini böyütməyə çalışmayın. Mən əsəbiləşmirəm bəy, təəssüflənirəm. Haradan, haraya gəldik. Sizin əsəblərinizin gərildiyini hiss edirəm. Sağlamlığınıza fikir verin.
Y.Sadıqlı: “Təşəkkür edirəm qayğınıza görə”.
G.Aslanlı: “Bu işdə kriminal var, ona görə məsələ aidiatı üzrə araşdırılır. Mənbənin sosial şəbəkədə açıqlanması sonrakı işimizə yaramaz. Araşdırma bitdikdən sonra Yadigar bəy məlumatlandırılacaq”.
Y.Sadıqlı: “Gülağa bəy, 2-3 ay öncə Nemət Kərimli yazır ki, Belçikadan mənim adım olan belə bir sənəd gəlmişdi, məndən soruşdular, dedim, yox. Mənim adım keçən sənədlə niyə belə davranılmır? Niyə 7 ay mənim xəbərim olmur, sonra hamı kimi sosial şəbəkədə görürəm? Maraqlıdır ki, sənəti uyğunsuzluqları tutmaq olan hörmətli vəkil öz dediyi hal ilə mənim halımda heç bir fərq görmürdü. Amma bu başqa məsələdir, sizə aid deyil”.
G.Aslanlı: “Yadigar Sadıqlı Sənədin 7 ay gizlin saxlanılması yeni xəbərdir. Saxta olduğunu mən görən kimi bilmişəm və belə sənədin yayılmasını heç vaxt istəməmişəm. Bizə məlumat verən adamları açıqlamaq olmaz deyə düşünmüşəm.
Mənim üçün məsələ aydındır. Sənə də aydın olsun deyə bir də yazıram. Araşdırma sona çatmayana kimi, Mənbə barədə sosial şəbəkədə mənim tərəfimdən məlumat verilməyəcək. Mənim də işim başımdan aşır. Bu qədər”.
Y.Sadıqlı: “Mənə məlumat verilməyənə qədər də bu sənədin məni ləkələmək üçün düzəldiyini düşünmək hüququna malikəm”.
G.Aslanlı: “Hecə düşünmək hər kəsin hüququdur. Belə davam edin”.
Gərginlik davam edərkən Y.Sadıqlı mütəmadi olaraq araşdırmanın nəticəsi haqqında elə sosial şəbəkələrdə hesab soruşacağını qeyd edib.