Rusiya vətəndaşları Gürcüstanın paytaxtı Tbilisidə aksiya keçiriblər. Parlamentin binası qarşısında baş tutan aksiyada ölkədə yaşayan və səfərdə onlarla rusiyalı iştirak edib. Aksiya “Mən Qavrilov deyiləm! Rusiyalılar vahid Gürcüstan naminə” şüarı altında keçirilib. İştirakçılar Rusiyanın Gürcüstana qarşı siyasətinə etiraz ediblər.
Onlar əllərində “Putindən yoruldunmu? Gürcüstanda dincəl” və Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətini tənqid edən şüarlar tutublar. Rusiyalılar Gürcüstanın xarici vətəndaşlar və qonaqlar üçün ən təhlükəsiz ölkə olduğunu bildiriblər.
Bir müddət əvvəl Gürcüstan parlamentində yaşanan məlum olaydan sonra Rusiya-Gürcüstan münasibətləri daha da gərginləşib. Xeyli zaman keçməsinə baxmayaraq, tərəflərin qarşıdurması hələ də səngiməyib.
Rus-gürcü gərginliyi ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Rusiya-Gürcüstan münasibətləri sovet rejiminin dağılmasından sonra fərqli mərhələyə keçib:
“30 il sovet ölkəsinin zirvəsində bir gürcü rəhbərin dayanması bu ölkəyə xüsusi imtiyazlar vermişdi.
Ölkədə gürcülərin şərəfinə gurultulu tədbirlər keçirilir, dünyaya səs salan qısa və tam metrajlı filmlər çəkilirdi. Hətta Stalinin ölümündən sonra də bu ənənə davam etdirildi.
Çoxsaylı insanların ölümü ilə nəticələnən məlum Tbilisi hadisələrindən sonra münasibətlər daha soyumağa başladı və hələ də davam etməkdədir. Xüsusi imtiyazlı millət kimi formalaşan gürcülər Rusiyanın hegemon siyasətinə boyun əyməkdən imtina edirlər.
Bu da prezident Putinin xoşuna gəlmir. Kreml rəhbəri öz ətrafında yaltaq və hücumçu bir zümrə formalaşdıra bilib”.
Partiya funksioneri deyib ki, Rusiyada Putinin Gürcüstana qarşı bu qədər sərt davranmasının əleyhinə olan qüvvələr daha çoxdur:
“Ölkədə hakimiyyət dəyişikliyi şəraiti yetişdiyi andan etibarən Gürcüstan-Rusiya münasibətləri normallaşacaq. Tbilisidə parlament binası qarşısında Rusiya əleyhinə təşkil edilən etiraz aksiyalarında rus vətəndaşların iştirakı Putinin qonşuları ilə düşmən münasibətinə vətəndaş etirazıdır”.