“İnqilabdan bir ildən artıq zaman keçməsinə baxmayaraq, ABŞ-ın Ermənistana siyasəti birmənalı olaraq qalıb”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Amerikadan işğalçıya vəd olunan maliyyə yardımı və siyasi dəstək verilmir:
“Erməni lobbisinin ciddi hərkətliliyinə baxmayaraq Tramp adminstrasiyası onları yaxına buraxmır. Paşinyanın apardığı siyasət birbaşa ABŞ-ın geosiyasi maraqlarına qarşı olaraq regionda Rusiya və İranın maraqlarına xidmət edir. Prezidentin milli təhlükəsizlik məsləsləri üzrə müşaviri Con Boltonun regiona səfəri çərçivəsində İrəvanda Paşinyan iqtidarına ünvanladığı mesaj aktuallığını saxlayır.
Hələlik Vaşinqtonun İrəvandan gözlədiyi siyasət reallaşmır. Bir tərəfdən Paşinyana qarşı daxili siyasi sabitliyin kövrək olaraq qalması, iqtisadi sferada gerililik, mümkün xarici yardımların alınmaması, digər tərəfdən ABŞ-ın baş naziri Ağ Evə dəvət etməməsi Ermənistan hakimiyyətində ciddi narahatlıq doğurdur”.
Analitikin sözlərinə görə, əgər, proseslər bu istiqamətdə davam edərsə Paşinyanın siyasi dayaqları zəifləyəcək:
“Paşinyan hesab edirdi ki, demokratik imici onu ABŞ və Avropadan şərtsiz maliyyə yardımları və siyasi dəstək almasına gətirəcək. Amma gözlənilənin əksinə Amerika və Brüssel Paşinyanı qonşularla normal münasibətlər qurmağa çağırır. Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan, baş nazirinin muavini Tiqranyan və xarici işlər naziri Mnatsakanyanın ABŞ səfəri Vaşinqtondan tam siyasi dəstək almaq, maliyyə yardımları reallaşdırmaq və Qarabağla bağlı status-kvonun qorunmasına kömək istəmək olacaq.
Hesab edirəm ki, Paşinyanın bu siyasi planı Vaşinqton tərəfindən birmənalı şəkildə dəstək almayacaq. Çünki, Ağ Evin əsas istəyi Boltonun verdiyi mesaja uyğun olaraq Qarabağ münaqişəsinin həllini tezləşdirmək və Rusiyanın ölkəsində mövqeyini zəiflətməkdir. Vaşinqton Paşinyanın Qarabağ məsələsində konustruktiv addımını görməsə, real siyasi dəstək verməyəcək”.
Siyasi şərhçinin sözlərinə görə, erməni rəsmilərinin Vaşinqton görüşündə bu məsələlər ciddi şəkildə müzkirə olunacaq:
“Paşinyan xarici ölkələrdəki səfirliklərini İrəvanda toplayıb. Məlumdur ki, səfirlərin “Qarabağ klanı” ilə əlaqələri var. Bu da Kremllə birbaşa ünsiyyət deməkdir. Paşinyan “Qarabağ klanı”na qarşı mübarizədə, həmçinin, maliyyə ayrılmasında səfirlərə ciddi tapşırıqlar verəcək.
Lakin Paşinyanın Amerika siyasəti fiaskoya uğrayacaq və onun Qarabağla bağlı manipluyasiyası yeni gərginliyə yol açacaq”.