“Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun hakimiyyətdə qalması üçün “Qarabağ klanı”nın getməsini şərt kimi irəli sürüblər”.
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Analitik bildirib ki, “Qarabağ klanı” Moskvanın nəzarətindədir. Onun sözlərinə görə, cəbhədə gərginliyin artırılması Kremllə bağlıdır:
“Moskva Paşinyanı dəstəkləyən güclərə mesaj verir ki, bu taktikanı yürütsəniz Qarabağdakı qüvvələr İrəvanın stabilliyini pozacaq gücdədir. Burada əsas məsələ isə bizim bu oyunlardakı yerimizdir. Uzun müddətdir Paşinyana respublikada stabillik yaratmaq üçün vaxt verilib. Cəbhədə uzun müddət mövcud olan sakitlik buna misaldır. Əslində Qərb də bizdən bunu istəyirdi. Moskva isə hələlik İrəvanı açıq şəkildə təhdid etmir, sadəcə dolayı yolla öz mesajlarını göndərir. Biz bu dönəmdə çox ayıq və ehtiyatlı olmalıyıq, oyunları doğru analiz etməliyik. Gürcüstanla sərhəddə yaşananların bu məsələ ilə əlaqəli olduğu açıq-aydındır”.
Ekspert vurğulayıb ki, hələlik təmkinli siyasət yürütməyimiz və təxribatlara getməməyimiz məkirli qüvvələrin planlarını pozur:
“Amma bu, belə davam edə bilməz. Hər təxribatı cavabsız qoya bilmərik, çünki bu, daxili narazılığa səbəb ola bilər. Bu baxımdan Azərbaycan xarici güclərə fikrini qəti şəkildə bildirməli, səbrinin sonsuz olmadığı mesajını verməlidir”.