“Cəbhə xəttində atəşkəsin mütəmadi pozulmasında Ermənistandakı siyasi vəziyyətin rolu var”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Hazırda cəbhə bölgəsində olan deputat bəyan edib ki, düşmən tərəf təxribatı cəbhə bölgəsindən daha çox, Azərbaycan-Ermənistan sərhədi boyunca həyata keçirir:
“Ermənilərin məqsədi KTMT dövlətlərinin diqqətini münaqişəyə cəlb etməkdir. Yəni, onlara qarşı təzyiq olduğunu iddia edərək, hərbi qurumun prosesə müdaxiləsinə nail olmaqdır. Ancaq KTMT-da ermənilərə kömək edə biləcək yeganə ölkə Rusiyadır. Bu da təbiidir, Ermənistanda rus ordusunun hərbi bazaları yerləşir. Təşkilatda təmsil olunan digər bütün dövlətlərlə Azərbaycanın münasibəti çox normaldır”.
Parlament üzvü bildirib ki, usanmadan təxribat törətmək ermənilərin dəyişməz xislətidir:
“Düşmən tərəf daxildəki gərginlikləri və hökmranlıq uğrunda mübarizələri ört-basdır etmək, ən əsası isə diqqəti xalqın ağır sosial durumundan yayındırmaq üçün cəbhədə müxtəlif təxribatlara əl atır. Onu da nəzərə almaq lazımdır ki, erməni ordusunun indiki rəhbərliyi baş nazir Nikol Paşinyana tam bağlı deyil. Düşmən ordusunda Koçaryan-Sarkisyan amili hələ çox güclüdür. Ancaq məsələ burasındadır ki, danışıqların pozulması və gərginliyin artırılması istiqamətində də cəbhədə tez-tez təxribatlara əl atırlar”.
E.Məmmədov vurğulayıb ki, son günlər erməni rəsmiləri başlarına yığdıqları dilənçi dəstələrlə ABŞ-a yollanmaqdadır:
“Məqsəd dilənmək, erməni lobbisindən maddi yardım istəməkdir. Bilirsiz ki, Ermənistanın qida borusu İrandır. Tehran rejimi 1988-ci ildən bəri erməniləri sözün həqiqi mənasında yaşadan əsas himayədardır. İran ən kritik məqamlarda belə düşməni hərtərəfli təchiz edir. Ancaq məlumdur ki, hazırda İranın özü Qərbin sanksiyalarına məruz qalmaqdadır.
Çıxılmaz duruma düşən Ermənistan öz rəsmilərini Amerikaya yola salır. Digər bir qrup isə cəbhə xəttində təxribat törətməklə məşğul olur. Lakin düşmənin hər həmləsi Azərbaycan Ordusu tərəfindən dərhal dəf edilir. Mən hazırda cəbhə xəttindəyəm və hərbi hissələri gəzirəm. Ön cəbhədə ordumuzun döyüş hazırlığı çox yüksək səviyyədədir. Düşmənin hər təxribatına beş qat artıq cavab verilir. Xalqımız bundan əmin olsun.
Erməni silahlı qüvvələri bizim sərhəd qoşunlarımızın qarşısında aciz qalıblar”.