Dövlətə qarşı təxribat lənətlənir: Gəncədə baş verənlər terror aktı idi

Azər Həsrət: "Bu qüvvələr vətəndaşlarımızın dəstəyini heç bir halda qazana bilməyiblər və bundan sonra da qazanmayacaqlar"



Dövlətçiliyimizə qarşı qəsd aktı olan Gəncə hadisələrindən artıq bir il ötür. Ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatıdır.
Dini şüarlarla pərdələnən təxribatçıların niyyəti dövlətlə xalq arasında inamsızlıq və düşmənçilik toxumları səpmək idi. Son vaxtlar ölkəmizə zərər vurmaq istəyən həmin radikal qüvvələrin yenidən fəallaşdığı deyilir. 
Baş verənlərlə bağlı Sherg.az-a danışan siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət söyləyib ki, Gəncə hadisələri Azərbaycan cəmiyyətinin mükəmməlliyini ortaya qoydu.
Onun sözlərinə görə dövlətə silah çəkən, dövlətin təmsilçilərini qətlə yetirən adamlara qarşı vətəndaşlarımız səfərbər oldular və ciddi etirazlarını bildirdilər.
A.Həsrət qeyd edib ki, vətəndaşlarımız heç vaxt bu cür hərəkətləri qəbul etməyiblər“Onlar Gəncə hadisələri zamanı bir daha göstərdilər ki, heç bir terrorçuya imkan verməyəcəklər ki, ölkəmizdə daxili sabitlik pozulsun.
Digər tərəfdən məhz dini fanatik qrupların bu hadisələrin önünüdə getməsi, həmçinin radikal müxalifətdə təmsil olunan şəxslərin də onlara dəstək verməsi təbii ki, cəmiyyəti ciddi narahat edir. Ona görə də dövlətimiz müvafiq olaraq uyğun addımları atdı, hadisə iştirakçıları ilə bağlı hüquq mühafizə orqanları öz tədbirlərini gördülər, onların böyük əksəriyyəti həbs olundu. Bu hadisəni törədənlər ölkəmizdə sabitliyi pozmaq, vətəndaşları qızışdırmaq istəyinə nail ola bilmədilər”. 
A.Həsrətin sözlərinə görə, təəssüfləndirici məqam ondan ibarətdir ki, özünə radikal müxalifətçi deyən, guya müxalifətin önündə getdiyini iddia edən qüvvələr məhz Azərbaycan dövlətinə qarşı çıxanlara dəstək verməkdədir:
“Hətta onlar həmin adamları qəhrəman elan edirlər və guya onların hüquqlarının pozulması haqqında böhtanlar yayırlar. Bununla da Azərbaycan cəmiyyətini çaşdırmağa çalışırlar. Belə bir şəraitdə dövlət və vətəndaş nə etməlidir? Əlbəttə ki, Azərbaycan vətəndaşı təmkinli və kifayət qədər ağıllıdır, baş verən hadisələri yetərincə təhlil edib nəticə çıxarmaq problemi yoxdur. Ona görə də bu qüvvələr vətəndaşlarımızın dəstəyini heç bir halda qazana bilməyiblər və bundan sonra da qazanmayacaqlar.
Dövlətimiz isə öz ayaqları üzərində uzun illərdir ki, dayanır, daxili sabitliyin qorunması yönündə vətəndaşlarla əl-ələ bütün tədbirləri görür. Bu tədbirlər görülərkən də ümumi ictimai maraqlar nəzərə alınır. Belə bir şəraitdə dövlətin siyasətini davam etdirməsi işin xeyrinədir. Kimlərsə bizə böhtan atmaq istəyir, hakimiyyəti və dövlətimizi gözdən salmağa çalışırlar. Amma belə bir yanaşma sərgiləndiyi üçün də dövlətin siyasətini arqumentli şəkildə tənqid etmək imkanları ələ düşmür. Bu baxımdan dövlətimiz siyasətini bu cür də davam etdirməlidir”. 
Jurnalist bildirib ki, hər bir vətəndaş həmişəki kimi Azərbaycan siyasətini dəstəkləməlidir:
“Kimlərinsə istər din, istər siyasi mübarizə, istərsə də başqa ad altında vətəndaşlarımızı qızışdıraraq daxili sabitliyi pozmasına imkan verməmişik, bundan sonra da imkan vermərik. Radikal qüvvələr və onları dəstəkləyən müxalifətçilər birmənalı şəkildə anlamalıdır ki, Azərbaycan xalqı o xalq deyil ki, onları heç nədən qızışdırıb küçələrə sala biləcəklər, nəticədə Azərbaycanı Suriyaya, İraqa, Liviyaya çevirəcəklər. Xalqımız həmin mərhələni çoxdan keçib. Bundan sonra heç kim ölkəmizi daxildən qarışdıra bilməyəcək. Hətta bunun üçün Azərbaycan polisinin, hüquq mühafizə orqanları əməkdaşlarının canı və qanı lazım olsa, onlar çəkinmədən buna gedəcəklər ki, təki ölkəmizdə daxili sabitlik qorunmuş olsun. Gəncədəki qəhrəman polislərimiz məhz bu məqsədlə “etirazçıların” qarşısına silahsız çıxmışdılar və açıq şəkildə göstərirdilər ki, zorakılığa tərəfdar deyillər. Amma həmin qüvvələrin məqsədi qan tökmək olduğu üçün polislərimizə əl qaldırdılar. Əlbəttə, bu dövlətə qalxan əl idi və ən sərt şəkildə reaksiya verilməli olduğu üçün dövlətimiz bunu etdi”.