Müstəmləkəçi dövlətlərin işğal etdikləri ölkələrdə törətdikləri vəhşiliklərlə bağlı faktlar sübut edir ki, ən qəddar, insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilib.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) araşdırmalarında qeyd olunub.
Bildirilib ki, Belçika müstəmləkəçiliyi Avropa imperiyaları içərisində yeganə şəxsi monarx mülkü olması, misli görünməmiş sistemli vəhşilik və irqi alçaltma təcrübələrinin açıq şəkildə qitənin mərkəzində təkrarlanması ilə digər müstəmləkəçilik modellərindən kəskin şəkildə fərqlənən ən qaranlıq və utancverici nümunələrdən biri kimi tarixdə yer alıb. Bu qaranlıq və utancverici səhifələrdən biri də "insan zooparkları"dır.
Belə ki, 1897-ci ildə II Leopoldun şəxsi təşəbbüsü və əmri ilə Konqodan zorla gətirilən 267 nəfər Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində "canlı eksponat" kimi nümayiş etdirilib:
"Onlar Avropanın soyuq havasında, yarıçılpaq vəziyyətdə, taxta hasarların arxasında heyvan kimi tamaşaçıların seyr obyektinə çevrilib, ləyaqətləri ayaqlar altına atılıb. Bu barbar nümayiş nəticəsində ən azı yeddi konqolu, o cümlədən uşaqlar pnevmoniya, qrip və digər xəstəliklərdən dəhşətli əzablar içində can verib, cəsədləri isə gizlicə basdırılıb. Beləliklə, II Leopoldun "sivilizasiya missiyası" adı altında qurduğu bu insan zooparkı Avropanın mərkəzində açıq-aşkar irqi alçaltma və soyqırımının simvoluna çevrilib".
İnsan zooparkının yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey təsis edilib:
"Əvvəlcə "Konqo Muzeyi", sonralar isə "Mərkəzi Afrika üzrə Kral Muzeyi" müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərib. 1958-ci ildə Brüsseldə təşkil olunan "Expo 58" Ümumdünya Sərgisi çərçivəsində də eyni xarakterli insan nümayişi təkrarlanıb. Bu dəfə Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə – yenidən "canlı eksponat" statusunda Avropa ictimaiyyətinə təqdim edilib. Beləliklə, 1897-ci ildə Tervürendə təşkil olunmuş ilk "insan zooparkı" təcrübəsi heç də təsadüfi və ya müvəqqəti hadisə deyil, Belçika müstəmləkəçilik siyasətinin strukturuna dərin kök salmış sistemli, institusionallaşmış və uzunmüddətli tərkib hissəsini təşkil edib. Bu praktika, irqi iyerarxiya və "sivilizasiya missiyası" ideologiyasının vizual təcəssümü olaraq, XX əsrin ortalarına qədər davam etdirilib".
Qeyd edilib ki, 1959–1962-ci illərdə Belçikanın müstəmləkə idarəçiliyi altında olmuş Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalar və qaradərili analardan doğulmuş təxminən 20 min uşağın ailələrindən zorla ayrılaraq Belçikaya aparıldığı və övladlığa verildiyi barədə faktlar mövcuddur:
"Bu uşaqların köçürülməsi valideynlərin razılığı olmadan həyata keçirilmiş və onların ailə bağlarının, kimliklərinin və mədəni mənsubiyyətlərinin ciddi şəkildə pozulmasına səbəb olub. Sadalanan hallar Belçikanın müstəmləkəçilik siyasətinin sistemli şəkildə irqçi yanaşmalara, insan hüquqlarının pozulmasına və insan ləyaqətinin tapdalanmasına əsaslandığını açıq şəkildə nümayiş etdirir".