"Müəllim “sakitcə dərsimi deyim, maaşımı alım, kim nə edir, etsin”, prinsipi ilə işləyəcək, bundan ən çox ziyan çəkən də şagirdlər, ümumən təhsilimiz olacaq"
“Əlini partanın üstünə qoy!” deyib xətkeşlə 1-2 dəfə vuran müəllimlər dövründən “sabah 3 manat, 5 manat gətirin, test kitabı, dəftərlər, vərəqlər üçün”, süpürgə, xəkəndaz pulu yığmaqdan yavaş-yavaş üzük, sırğa, boyunbağı... üçün pulların yığıldığı dövrə gəlib çatdıq. Hələ bu harasıdır?!.
Bundan sonra şagirdə “gözün üstə qaşım var” deyən müəllim də cərimə olunacaq, valideynlər də. Uşağı döymək olmaz. Bəs tənbeh necə olmalıdır, bunun forması tapılıbmı, valideyn və ya müəllim uşağı necə tənbeh etməlidir? Cərimə təyin etmək, deyəsən son illərin ən asan işinə çevrilib. Cəriməni təyin et, vəssalam. Bəs sonrası? Bunu düşünən varmı görəsən?
Qeyd eədk ki, İnzibati Xətalar Məcəlləsinə bu günlərdə edilən daha bir dəyişikliyə əsasən ölkəmizdə tərbiyə məqsədilə uşaqlara qarşı fiziki zorakılıq və ya psixoloji təzyiq göstərən valideynlər, müəllimlər və digər məsul şəxslər 200 manatadək cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə edilən bu dəyişiklik uşaqların fiziki və mənəvi toxunulmazlığını təmin etməyi hədəfləyir. Tərbiyə etmək adı altında uşağın döyülməsi, cismani cəza tətbiqi və ya psixoloji təzyiq fiziki zorakılıq kimi qiymətləndirilir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şagirdə fiziki və psixoloji təzyiq göstərən valideynin 200 manat cərimələnəcəyi xəbəri cəmiyyətdə geniş rezonans doğurub: 
- Bu məsələyə emosiyalardan uzaq, dərindən baxaq. Əvvəla, bunu deyim ki zorakılığın heç bir növünə bəraət yoxdur. Müəllimin şagirdi təhqir etməsi, onun şəxsiyyətini alçaltması qətiyyən qəbul edilə bilməz. Bununla belə, biz hər zaman deyirik ki, tərbiyə ailədən gəlir, müəllimsə o tərbiyəni məktəbdə cilalayan, ona forma verən şəxsdir. Əgər bir uşağın ailədən gələn tərbiyəsində boşluqlar varsa, nizam-intizamı pozursa, müəllim o boşluğu cilalamağa çalışırsa, ona bir söz deməsinmi, onun səhvini üzünə deyib irad tutmasınmı? Biz qaş düzəldən yerdə vurub göz çıxarmalı deyilik. Əgər müəllimin üzərində 200 manat cərimə qorxusu olacaqsa, sabah o müəllim sinifə daxil olanda hansı həvəslə şagirdlərə doğru yol göstərəcək, onlara nizam-intizam öyrədəcək? Müəllim “sakitcə dərsimi deyim, maaşımı alım, kim nə edir, etsin”, prinsipi ilə işləyəcək, bundan ən çox ziyan çəkən də şagirdlər, ümumən təhsilimiz olacaq. Təhsil yalnız kitabdan oxunan informasiya deyil, müəllimin bir baxışı, bir iradı, bəzən yerində deyilmiş sərt bir söz şagirdi uçurumun kənarından qaytara bilər. Biz müəllimi elə vəziyyətə salmamalıyıq ki, o sinifdə şagird qarşısında aciz duruma düşsün. Şagirdin hüququnu qoruyaq, amma müəllimin də o tərbiyəni cilalamaq üçün lazım olan nüfuzunu əlindən almamalıyıq. Cərimə qorxusu olan yerdə pedaqoji fədakarlıq bitir, sadəcə formal iş qalır. Qanun işləməlidir, amma sui-istifadəyə yol vermək olmaz. Elə etməyək ki sabah övladlarımıza yol göstərən bir nəfər də olsun cəsarətli müəllim tapılmasın.