İddia: Vens Pentaqonun İran brifinqlərinə şübhə ilə yanaşıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İranla bağlı müharibə fonunda Pentaqonun təqdim etdiyi məlumatların doğruluğunu dəfələrlə sorğuladığı iddia olunur.

Sherg.az xəbər verir ki, "The Atlantic" nəşrinə danışan və adının açıqlanmasını istəməyən mənbələrə görə, Vens qapalı iclaslarda müharibənin gedişi ilə bağlı təqdim edilən brifinqlərə tez-tez suallar ünvanlayıb.

Bildirilir ki, o, xüsusilə ABŞ-nin silah ehtiyatları ilə bağlı narahatlığını Prezident Donald Trampla bölüşüb və raket ehtiyatlarında ciddi azalma riskinə diqqət çəkib.

Ağ Evdən bir rəsmi də Vensin strateji planlaşdırma ilə bağlı detallı suallar verdiyini təsdiqləyib. Bununla yanaşı, qeyd olunur ki, o, bu fikirləri şəxsi mövqeyi kimi ifadə edib və Pentaqon rəhbərliyini birbaşa yanlış məlumat verməkdə ittiham etməyib.