Amerika Prezidenti Donald Trampa impiçment elan oluna bilər. Müvafiq qətnamə ABŞ Konqresinin Nümayəndələr Palatasında hazırlanır.
Sputnik Azərbaycan bildirir ki, məlumatı CBS yayıb. Məlumata görə, sənəd bazar ertəsi hazır olacaq. İmpiçment üzrə səsvermə isə artıq gələn həftə baş tuta bilər.
ABŞ-ın Ədliyyə Nazirliyinin siyasəti fəaliyyətdə olan prezidentləri izləməyə imkan vermədiyindən Nümayəndələr Palatası Trampı keçmiş xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il seçkilərinə "müdaxiləsini" araşdırmasına mane olduğu üçün məsuliyyətə cəlb etməyə qadir yeganə qurumdur.
Bundan başqa, Trampın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi tədbirləri özünə məxsus olan kurortlarda təşkil etməklə varlanma imkanı da mübahisə predmeti ola bilər. Həmçinin Prezidentə qarşı pornoaktrisa və fotomodelin susmaları üçün pul aldıqları iddiasının da irəli sürülməsi planlaşdırılır. Bu qadınlar əvvəllər bəyan etmişdilər ki, Trampla nikahdankənar əlaqəyə giriblər.
Trampın vergi bəyannamələri, Deutsche Bank-dakı maliyyə sənədləri, eləcə də Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyəti də diqqət altındadır.
Donald Tramp isə dəfələrlə demokratları bu tipli araşdırmalardan əl çəkərək ölkənin problemləri - məsələn, səhiyyə və infrastrukturla - məşğul olmalarını tövsiyə edib.
ABŞ-da indiyədək üç dəfə impiçmentə cəhd olub. 1868-ci ildə Endryu Consona və 1998-ci ildə Bill Klintona qarşı impiçment elan edilib. Ancaq bu prezidentləri Senat təmizə çıxarıb. 1969-1974-cü illərdə hakimiyyətdə olan Riçard Nikson isə Senatda dinləmələr başlanmadan öncə istefa vermişdi.
Sosioloji sorğuların nəticələrinə görə, amerikalıların 60%-dən çoxu Trampa qarşı impiçment elan edilməsinin əleyhinədir.