Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə və ABŞ hərbçilərinin Suriyanın şimalında birgə patrul xidmətinə başlamasına münasibət bildirib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu gün Malatyada keçirilən kütləvi açılış mərasimində çıxış edən Türkiyə Prezidenti bu istiqamətdə atılan addımların Ankaranı qane etmədiyini bildirib.
R. T. Ərdoğan deyib ki, Suriyanın şimalında 3-5 vertolyot, 5-6 hərbi maşın, bir neçə yüz hərbçinin olması ilə Fərat çayının şərqindəki təhlükəsiz bölgə problemini həll etmək mümkün deyil: “Suriya sərhədi böyük miqyasda nəzarətimiz altındadır. Bizim üçün ən önəmli bölgə Fəratın şərqidir. Bizim şərtlərimizlə onların istəklərinin eyni olmadığı hər addımda görünür. Biz dinc suriyalılar üçün, müttəfiqlərimiz terrorçular üçün təhlükəsiz bölgə istəyir”.
Türkiyə Prezidenti bir daha bəyan edib ki, sentyabrın sonuna qədər Ankaranın şərtləri çərçivəsində Suriyanın şimalında təhlükəsiz bölgə məsələsi həllini tapmasa, Türkiyə öz planı üzrə hərəkət edəcək.
R. T. Ərdoğan gələn həftə İstanbulda Suriya böhranı ilə əlaqədar Rusiya və İranla birgə zirvə toplantısı keçiriləcəyini də bildirib.