Giorgi Qaxariya Rusiyanın “xidmətçisi”dir ? – TƏHLİL


Gürcüstan parlamentinin müxalif “Avropalı Gürcüstan” fraksiyası hökumətin yeni tərkibinə etimad səsverməsinin keçiriləcəyi plenar sessiyanı boykot edib. Bunu partiyanın liderlərindən olan Zurab Çiberaşvili bildirib.

Zurab Çiberaşvili deyib ki, partiyanın bu qərarı Baş Nazir postuna namizəd Giorgi Qaxarianın "öz vəzifəsini icra etmək iradəsinə sahib olmaması" ilə əlaqədardır: 

"Bu, gürcü xalqının maraqlarına xidmət etmir. Qaxariya ilə bağlı suallar çox aydındır - bunlar 20 İyun "Gavrilovun Qanlı Gecəsi", İ. Kerzaya, Saralidze və birbaşa məsul olduğu digər işlərlə əlaqədardır. Ölkədə yoxsulluq, işsizlik və qiymət artımı var. Gürcüstan cəmiyyəti çox yaxşı bilir ki, ölkəni "Gürcü Arzusu" idarə edirsə, yoxsulluq və çətinlik həmişə olacaq".



Gürcüstandakı durumu “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Giorgi Qaxariya baş nazir seçildikdən sonra Tiflislə Moskva arasında birbaşa danışıqların hələ erkən olduğunu söylədi. 

Politoloqun sözlərinə görə, G.Qaxariya hazırkı formatın dəyişdirilməsinə ehtiyac duymadığını vurğuladı:

“Hazırki format bəllidi. İki ölkənin xarici işlər nazirlərinin müavinləri mütəmadı olaraq İsveçrə paytaxtına görüşərək müxtəlif mövzularda fikir mübadiləsi aparırlar. Yeni baş nazir Rusiya ilə təmasların erkən olduğunu söyləməsinə baxmayaraq, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları Giorgi Qaxariyanı Rusiyanın “xidmətçisi” adlandırırlar.

Baş nazir hələ fəaliyyətə başlamadan onu Rusiyanın “xidmətçisi” adlandırmaq qəribə görünə bilər. Görünür, ona qarşı ittihamlar Giorgi Qaxariyanın daxili işlər naziri işlədiyi dövrlə bağlıdır. Rusiyalı depuatlardan birinin Gürcüstan parlamentində çıxışı və onun spikerin masasında oturdulması Tiflisdə böyük iğtişaşlara səbəb olmuşdu.

Giorgi Qaxariya da daxili işlər naziri olaraq həmin rusiyalı deputatın xətasız bəlasız ölkəni tərk etməsini təmin etmiş, küçələrə çıxan müxalifətçilərə qarşı sərt tədbirlər tətbiq etmişdi. Müxalifət buna görə yeni baş nazirə “Rusiya adamı” damğasını vurub”.

E.Şahinoğlu bildirdi ki, G.Qaxariya ilk çıxışında maraqlı təklif səsləndirib:

“O deyib ki, Gürcüstan hökuməti Cənubi Osetiyanın və Abxaziyanın əhalisi ilə birbaşa təmaslara başlamalıdır. Giorgi Qaxariya konkret istiqamət göstərmədən başqa dialoq formatlarından istifadə etməyi də lazım bilib. Doğrusu, bu təklifin reallaşdırılması mexanizmi mürəkkəb görünür. Separatçı ərazilərdə yaşayan insanlarla birbaşa necə dialoq qurmaq olar? Məsələn elə Giorgi Qaxariya parlamentdə baş nazir seçiklərkən separatçı Abxaziyada “prezident” seçkisi keçirildi.

Gürcüstan Xarici İşlər Nazirliyi həmin “seçkilərin” nəticələrini tanımadığını, bunun Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsb kimi qiymətləndirdi. Heç bir separatçı bölgənin lideri nəzarət etdiyi ərazinin hansısa vətəndaş qrupuna mərkəzi hökumətlə təmaslarına imkan verməz. Giorgi Qaxariya çıxışında açıq etiraf edib ki, Gürcüstanın 20 faiz ərazisini Rusiya işğal edib. Bu isə o deməkdir ki, Rusiyanın özü də Gürcüstanın yeni hökumətinə Cənubi Osetiyanın və Abxaziyanın qeyri-müəyyən qrupları ilə təmaslarına imkan verməyəcək. Digər tərəfdən separatçı bölgədə yaşayan qruplardan kim və ya kimlər Tiflislə birbaşa təmaslara razı olar ki?”.

Politoloqun sözlərinə görə, yeni baş nazir çıxışı zamanı yenə həlli mürəkkəb görünən fikir söyləyib: 

“ “Müharibə etmədən ərazi bütövlüyümüzün təmin edilməsinə çalışacağıq”. Əlbəttə, anlaşılan istəkdir, heç bir dövlət və xalq müharibə və itki istəməz. Eyni sözləri Ukraynanın yeni prezidenti Vladimir Zelenski də bir neçə dəfə səsləndirib. Ancaq dünya tarixində müharibə aparmadan itirilmiş torpaqların geri qaytarılması və bununla ərazi bütövlüyünün təmini nümunəsi yoxdur. Rusiya Gürcüstanla nə zamansa normal münasibətlər qursa da, çətin ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasına razı olsun.

Bunun üçün gərək Gürcüstan Rusiyanın bütün şərtlərini qəbul etsin və ikinci Ermənistana çevrilsin. Buna isə Gürcüstanın heç bir siyasi qüvvəsi razı olmaz. Ona görə də “müharibəsiz torpaqların geri qaytarılması” ideyası reallaşdırılması mümkün olmayan xoş niyyətdir. Ancaq o da aydındır ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra Gürcüstanın heç bir hökuməti də torpaqların geri qaytarılması məqsədilə hücum əməliyyatına başlamağa risk etməyəcək.

G.Qaxariya çıxışında bölgə ölkələri ilə münasibətlərə də toxunub.“Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistanla effektiv və pozitiv münasibətlər qurması çox vacibdir” deyən Qaxariya sadaladığı ölkələrlə əlverişli siyasi və iqtisadi münasibətlərin qurulması üçün olduqca dəqiq və fəal iş aparılması vacibliyibi bildirib. Aydındır ki, Qaxariya Ermənistanın xətrinə dəyməsin deyə bu ölkənin adını Azərbaycan və Türkiyə ilə eyni sırada hallandırıb.

Ancaq o anlamamış deyil ki, Azərbaycan və Türkiyənin Gürcüstan üçün əhəmiyyəti daha böyükdür. Təsadüfi deyil ki, Qaxariya çıxışında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan üçün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb. “Bu və digər layihələr bizim üçün çox önəmlidir” deyən yeni baş nazir ölkəsinin əsas layihələrinin Türkiyə və Azərbaycanla həyata keçirilməsinə işarə edib. Sadəcə, Giorgi Qaxariya Azərbaycanın ölkəsi üçün əhəmiyyətini bu şəkildə anlayırsa, başçılıq etdiyi hökumət strateji tərəfdaşı ilə münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməli, sərhəddin yerdə qalan hissəsinə yönəlik danışıqlarda soyuqqanlığını qorumalıdır. Azərbaycanın Gürcüstanın yeni hökumətindən ən böyük gözləntisi budur”.