Putinin Paşinyana münasibəti dəyişməyib

Avrasiya İqtisadi Birliyinin 5-ci zirvə toplantısı İrəvanda başa çatdı. Ermənistanın baş naziri Nikol Paşinyan bu tədbirdən şəxsi reklamı üçün maksimum istifadə etməyə çalışdı. Hətta bu məqsədlə həmkarları ilə harda gəldi selfi də çəkdirdi. Xatırladaq ki, İrəvandakı toplantıda üzv ölkələrdən başqa Moldova müşahidəçi qismində İran və Sinqapurun liderləri isə qonaq qismində iştirak etdilər. Zirvə toplantısında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edildi. Yəni təşkilatın əvvəlki 4 zirvə toplantısında nə müzakirə olunmuşdusa, bu dəfə də təxminən eyni mövzular ətrafında fikir mübadiləsi aparıldı. Toplantının ən diqqət çəkən tərəfi isə “məxməri” adlandırılan inqilabdan sonra Rusiya Prezidenti Vladimir Putinin İrəvana ilk dəfə səfər etməsi olub. Putin İrəvana səfəri zamanı keçmiş prezident Robert Koçaryanın həyat yoldaşı ilə görüşüb.

Kreml rəhbərinin bu addımı Paşinyana zərbə kimi qiymətləndirilir. İrəvana gedən ölkə rəhbərlərinin görüşü zamanı erməni mətbuatı anti-Türk və anti-Azərbaycan xarakterli materiallar da dərc edib. Lakin atılan bütün addımlara rəğmən, İrəvanda müəyyən edilib ki, həm Putinin, həm də Ruhaninin Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı vahid mövqeyi var. Paşinyanın Moskva ilə əlaqələri məlum səbəblərə görə alınmır. Erməni nazir nə qədər bunu təkzib etsə də, Kremllə münasibətlərinin “mükəmməl” olduğunu söyləsə də, tərəflər arasındakı gərginlik göz önündədir. Ekspertlərin fikrincə, geosiyasi proseslərin dinamikası heç də onun və İrəvanın istədiyi istiqamətdə inkişaf etmir. Onların sözlərinə görə, bir neçə gündən sonra İrəvan görüşünün nəticələri unudulacaq. 



Politoloq: "İrəvanın istəyinə baxmayaraq Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırmaq istəmir"


İrəvandakı toplantı ilə bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, ABŞ İrana qarşı sanksiyalarını sərtləşdirir. Ona görə də iqtisadi problemlərlə üzləşən Tehran üçün vacibdir ki, sanksiya halqasını yarsın. Bunun üçün Tehran istənilən istiqamətdən gələn əməkdaşlıq təkliflərini dəyərləndirməyə çalışır:

“İran Prezidenti Həsən Ruhani bu səbəbdən Paşinyanın Avrasiya İqtisadi Birliyinin toplantısına qatılmaq təklfindən istifadə etmək qərarını verdi və İrəvana getdi. Ruhani ikitərəfli görüşlərdə müxtəlif regional layihələrdən danışdı. Paşinyanın özü İran körfəzi ilə Qara dəniz hövzəsini birləşdirən dəmiryolu layihəsini irəli sürdü. Əslində bunlar da illərdir, səslənən təkliflərdir. Təklifləri reallaşdırmaq üçün Ermənistanın pulu yoxdur. İrəvan bu təklifləri illərdir səsləndirir ki, kimsə onun əvəzinə milyardlarla dollar xərcləyərək yollar tiksin, infrastruktur yaratsın və bundan Ermənistan qazanc əldə etsin. Buna heç Ermənistanın tərəfdaşları Rusiya və İran da razı olmaz. Ermənistandan keçən dəmir və nəqliyyat yollarının çəkilişinə və infrastrukturun yaradılmasına İran, Rusiya və Avropa İttifaqı o vaxt razılaşar və milyardlar xərləcəyər ki, həmin layihələrin uzunömürlü və faydalı olacağına əmin olsun. Buna isə əminlik yoxdur. Elə ona görə də, Ermənistan regional layihələrdə iştirakıyla bağlı arzu və istəklərini illərdir reallaşdıra bilmir”.

Analitik bildirib ki, Avrasiya İqtisadi Birliyi çərçivəsində ikitərəfli görüşlər də keçirildi:

“Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla görüşündə təşkilatın gələcək planlarından danışdı. Hər cümləsində Rusiyanı Ermənistanın strateji tərəfdaşı adlandıran Paşinyan üçün Putinlə bir neçə dəqiqəlik görüşün özü kiçik uğur sayıla bilər. Çünki birincisi, bu, Rusiya prezidentinin Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistana ilk səfəri idi. Ancaq xüsusi səfər deyildi və təşkilatın toplantısına qatılmaq mahiyyəti daşıyırdı. İkincisi, zirvə toplantısından əvvəl yayılan xəbərlərdə Putinin İrəvana səfərinin bir neçə saat çəkəcəyi və Paşinyanla ikitərəfli görüş keçirməyəcəyi bildirilirdi. Putin Paşinyanla görüşdən imtina etmədi. Buna görə də Paşinyan ölkə daxilindəki rəqiblərinə dil göstərib “mən deyən oldu” sözləri ilə qısa müddətə “fəxr” edə bilər. Qısa müddətə ona görə ki, Putinin Paşinyana münasibəti heç də dəyişməyib. Paşinyan əvvəlki kimi Putinin dostu eks-prezident Robert Koçaryanı həbsdə saxlayır. Bu isə Kreml sahibini narahat etməyə bilməz. Digər tərəfdən İrəvanın istəyinə baxmayaraq Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırmaq istəmir. Qış aylarında ucuzlaşmayan qaz Ermənistan üçün böyük maliyyə yükünə çevriləcək”.

E.Şahinoğlu xatırladıb ki, Putin İrəvanda Həsən Ruhani ilə də görüşüb:

“İki lider Suriya mövzusunu müzakirə etdilər. Ruhani BMT Baş Assambleyasında səsləndirdiyi təklifi Putinə də xatırlatdı. Ruhani Hörmuz boğazı ətrafında sahil dövlətləri ilə birgə “ümid koalisiyası” adında təhlükəsizlik bölgəsi yaratmaq istəyir. Bu çərçivədə sahil dövlətlərinin əməkdaşlıq edərək boğazda gəmilərin azad hərəkətini təmin etmələri təklif olunur. İran rəhbəri çox istəyir ki, rusiyalı həmkarı bu təklifə dəstək versin. Əlbəttə, Rusiya Suriya mövzusunda Tehranla əməkdaşlıq edir və Amerikanın İrana qarşı sanksiyalarını pisləyir. Ancaq bu o demək deyil ki, Kreml Tehranın regional siyasi layihələrində yer almağa hazırdır. Kreml İrana görə ərəb dövlətləri, o cümlədən ABŞ ilə münasibətləri daha da gərginləşdirmək istəmir. Rusiya Hörmüz boğazındakı ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə də normal münasibətlərinə davam etmək istəyir. Bu ölkələr isə Tehranın boğazda “ümid koalisiyası” təklifinin əleyhinədirlər”.