Kreml üçün Ermənistan önəmli deyil: Rusiya nüfuzlu Azərbaycanla əməkdaşlıqda maraqlıdır

"Azərbaycan Rusiya ilə münasibətlərində heç vaxt ikili oynamayıb"


“Ermənistanla Rusiya münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan-Rusiya münasibətlərini dəyərləndirmək çətin deyil. Çünki Azərbaycanla Rusiya arasında münasibətlər daim yüksək səviyyədə olub”.

Bu fikirləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Analitik qeyd edib ki, Azərbaycan və Rusiya münasibətlərinin yüksək səviyyədə olması səbəbsiz deyil :

“Çünki Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə hər zaman dostluq münasibətləri olub. Azərbaycan Rusiya ilə münasibətlərində heç vaxt ikili oynamayıb. Xüsusən də beynəlxalq platformalarda Rusiyanın küncə sıxışdırıldığı zamanlarda, Azərbaycan birmənalı və qəti mövqe ilə çıxış edib. Ölkəmiz Qərblə münasibətləri yaxşı olan bir dövlətdir. Avropa Birliyi, Avropa ölkələri, eləcə də ABŞ-la yaxın münasibətlərə dəyər veririk. Amma bununla bərabər həmin qütbün Rusiyanı küncə sıxışdırması proseslərində iştirak etmirik. Bunu Vladimir Putin eləcə də Rusiya siyasiləri yaxşı başa düşür və dəyərləndirirlər. Azərbaycan özünün müstəqil siyasətini yürüdür və özünə hörmət edir. Təbii ki, özünə hörmət edən bir dövlət olaraq Azərbaycana digər ölkələr də hörmət edirlər”. 

A.Həsrət qeyd edib ki, Ermənistan davranışlarında xaotik hərəkətə üstünlük verir:

“Ümumiyyətlə, Ermənistanda qətiyyətsizlik var və mövqeyi birmənalı deyil. Ermənistan hakimiyyətinin başında duran baş nazir Nikol Paşinyanın nə istədiyi, perspektiv üçün nə vəd etdiyi bəlli deyil. Ona görə də Rusiya prezidenti Vladimir Putin Paşinyandan birmənalı və konkret mövqe gözləyir. Amma bu mövqeyi ala bilmir. Paşinyan Qərbə gedir, onların xoşuna gələn sözləri deyir, Rusiya ilə münasibətlərdə də onun xoşuna gələn sözləri deyir. Təbii ki, Rusiya kimi təcrübəli və kökləri olan bir dövlət bunu sezməyə bilməz. Ona görə də Rusiya və Ermənistan münasibətləri gərginləşir. Paşinyanın bu siyasəti davam edəcəyi təqdirdə təbii ki, Rusiya Ermənistan münasibətləri bizim üçün yaxşı, amma Ermənistan üçün pis məcrada davam edəcək. Azərbaycan Rusiya münasibətləri isə zədə görməyəcək. Çünki istənilən halda Azərbaycan Rusiya münasibətləri yaxşı səviyyədədir”. 

Ekspertin sözlərinə görə, Vladimir Putin və İlham Əliyev münasibətlərin yaxşı məcrada davam etməsində maraqlıdır:

“Əlbəttə Ermənistanla Rusiyanın münasibətlərinin pozulması istənilən halda Azərbaycanın xeyrinə olacaq. Onsuz da Azərbaycan və Rusiya münasibətləri yaxşıdır. Amma bunun fonunda bir də Ermənistanla Rusiyanın arası dəyərsə, təbii ki, bu Azərbaycanın mövqelərinin bir qədər də möhkəmlənməsinə və nəticədə işğal altındakı torpaqlarımızın həllində faydalı ola bilər”.