“ABŞ-da Barak Obama Obama, daha sonra isə Donald Tramp hakimiyyəti dönəmində dəfələrlə Suriyanın şİmalında təhlükəsiz bölgə məsələsini gündəmə gətirdik”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) məşvərət toplantısında bildirib.
R. T. Ərdoğan deyib ki, Türkiyənin təhlükəsiz bölgə ilə bağlı təklifinə uyğun olaraq D. Tramp terror təşkilatlarının Fəratın şərqindən çəkilməsini gündəmə gətirib, amma ABŞ Prezidentinin ətrafındakılar bu təlimata əməl etməyiblər. Türkiyə Prezidenti Türkiyə sərhədlərində terror təşkilatlarının təhlükəli vəziyyət yaratdığını vurğulayıb: “6 ildir gizli-açıq hücumlar Türkiyəni yıxa bilmədi, amma yordu. Bu hücumlar bizi daha da əzmli və qərarlı edir. Birlik, dirilik və qardaşlıq üçün yenidən yola çıxmaq vaxtıdır. Türkiyənin sərhəd boyu ərazilərinə daşınan 30 min ton silah-sursat, hərbi texnikaların hesabını soruşmaq haqqına sahibik, çünki 911 kilometr sərhədboyu ərazi Türkiyəyə məxsusdur. Təəssüf ki, PKK terror təşkilatının Suriya qolu PYD/YPG buralarda at oynadır. Biz də buna görə tədbir görmək məcburiyyətindəyik. 30-32 kilometr enində təhlükəsiz bölgə yaratmaq istəyimiz həm də bununla əlaqədardır”.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti dünən Suriya sərhədində təhlükəsiz bölgə yaratmaq və Suriya qaçqınlarının torpaqlarına geri qaytarılması mövzusunda ABŞ-la razılığa gəlinmədiyi üçün ən yaxın zamanda Türkiyənin həm havadan, həm qurudan hərəkətə keçəcəyini bəyan edib.
Xatırladaq ki, dünən Suriyada terrora qarşı mübarizə aparan 3 müxalif silahlı qüvvə - “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat zonaları və İdlibdəki qüvvələr Milli Ordu (Ceyşül Vatani) adı altında birləşərək Suriya Müvəqqəti Hökumətinin Müdafiə Nazirliyinin tabeçiliyinə keçib. Suriya Müvəqqəti Hökumətin başçısı Abdurrahman Mustafa bildirib ki, bu birliyin məqsədi Fəratın cənubundakı yurd-yuvaları dağıdılıb didərgin düşən suriyalıları bu zülmdən qurtarmaq və Türkiyənin terrorla qarşı mübarizəsinə dəstək verməkdir.
Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata Ağcaqala bölgəsindən başlayacağı gözlənilir. Dünən Urfadan silah və sursat yüklü 10 yük maşınından ibarət karvan sərhəd ərazisinə göndərilib.