İran yaxın üç həftə ərzində Ərak şəhərindəki nüvə müəssisəsində ağır su istehsalına başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. Onun sözlərinə görə, ötən dörd il ərzində böyük işlər görülüb və üç həftə ərzində ağır su istehsalına başlamaq olar.
Qeyd etmək lazımdır ki, ağır suyun istehsalı uranın zənginləşdirilməsi üçün zəruridir. Bu su ilə istənilən miqdarda uranı zənginləşdirib nüvəyə çevirmək olar. Rəsmi Tehranın da etiraf etdiyi kimi, İran nüvə proqramını tədricən bərpa edir.
Ə.Salehi bildirib ki, ABŞ və Avropa dövlətləri sazişə əsasən üzərlərinə götürdükləri öhdəliklərə əməl etsələr, İran nüvə proqramının bərpası prosesini dayandıra bilər.
Xatırladaq ki, 2015-ci ilin iyununda Cenevrədə İran ilə Qərb dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” saziş imzalanıb. Sazişə əsasən, İran nüvə proqramını dayandırmalı, bunun müqabilində isə ABŞ sanksiyaları aradan qaldırmalı idi. Lakin ABŞ Prezidenti seçilən Donald Tramp 2018-ci ilin mayında sazişdən çıxdığını və İran ilə əldə olunan razılığı tanımadığını bəyan etdi. İrana qarşı tətbiq edilən sanksiyalar bərpa olundu. İran problemin həllini diplomatık yollarla həll etməyə çalışsa da, buna nail ola bilmədi və gözləmə mövqeyini seçdi. Nəhayət, cari ilin mayında Prezident Həsən Ruhani sazişə əsasən, İranın üzərinə götürdüyü öhdəlikləri azaltmaq məcburiyyətində qaldığını bəyan etdi və Tehranın iqtisadi tələbatlarını ödəməsi (İran ilə Avropa dövlətləri arasında maliyyə hesablaşması üçün xüsusi mexanizmin yaradılması) üçün Avropa dövlətlərinə 60 gün vaxt verdi. İran neft satışından əldə etdiyi vəsaiti sanksiyalara görə ala bilmir və bu mexanizm sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatı üçün zəruri idi. Lakin Avropa dövlətləri həmin mexanizmin yaradılmasını təmin etmədilər. Bundan sonra İran uranı sazişdə qeyd olunduğu kimi, 3,67 faiz yox, 4,5 faiz zənginləşdirəcəyini bəyan etdi.
Bu gün İran iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, ABŞ-ın sanksiyalarına məruz qalmasın. Buna baxmayaraq, Qərb mətbuatı ABŞ-ın sazişdən çıxmasını deyil, İranın nüvə proqramının bərpasından bəhs edir.
ABŞ ilə İran arasında qarşıdurma hələ davam edir. İş o yerə çatıb ki, artıq hər iki ölkənin yüksək rütbəli hərbçiləri kəskin bəyanatlar verirlər.