Bu gün Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında mitinqə yer ayrılması ilə bağlı piket keçirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasından ibarət olan Milli Şuranın piketinə 50 nəfərə yaxın şəxs qatılıb. Maraqlı durum odur ki, AXCP sədri Əli Kərimli 50 nəfərlə “inqilab” etməyə cəhd göstərirdi. Bu piket AXCP və “Milli Şura” adlı qurumun miskin durumunu, verilən populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirmiş oldu.
Ə.Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıdığı əvvəlcədən bəlli idi.
Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları Ə.Kərimli və ətrafının niyyətinin heç də dinc aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək öz məkrli niyyətlərini reallaşdırmaq olduğunu göstərdi.
Təsadüfi deyil ki, hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə toplaşanlar süni ajiotaj yaradır, aksiyanı istədikləri kimi sərbəst keçirmək istidiklərini bəyan edir və hər hansı yer ayrılmasından narazılıqlarını bildirirdilər.
Piket başlamamışdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirdi.
Polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və s. bu kimi əməllər bir daha göstərir ki, 1990-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu ünsürlər heç vaxt düzəlməyəcəklər və ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışacaqlar.
Kənarda əlində “Xalq sizinlədir - cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə qarşı cəbhəçilərin hücumu, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi.
Kərimli piketdə görünmədi. Öz ətrafını təlimatlandırıb prosesi kənardan izləmək yolunu tutdu. Görünür söz demək üçün imkan, meydan axtaran AXCP sədrinin deməyə sözü yoxdur, tükənib. Yoxsa personası haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb?
Bütün bunlar bir daha açıq şəkildə nümayiş etdirir ki, AXCP və Milli Şurada toplaşan radikal ünsürlər normal qaydada, sivil, qayda-qanuna riayət etməklə kütləvi tədbir keçirmək iqtidarında deyillər. Bunlar hər belə bir imkanı qanunları pozmaq, qarşıdurma yaratmaq və tamaşa təşkil edərək növbəti kampaniya üçün mövzu qazanmaq şansı kimi qiymətləndirirlər.
Deputat: Bugünkü piketdə 30-40 nəfərlə etiraz edib, ajiotaj yaratma istəklərinin şahidi olduq
Milli Şuranın piketdə qarşıdurma yaratmaq, iraətsizlik göstərmək fikində olduğunu Sherg.az-a deyən YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə qeyd edib ki, bu cəhdlər iflasa uğrayacaq:
“Azərbaycan onlara inanmır, onların qarşıdurma yaratmaq istəklərini anlayır. Ona görə də, bu cür çağırışlara reaksiya yoxdur. Cəmiyyət, insanlar dövlətin diqqətini, qayğısını üzərlərində hiss edirlər, həyatlarında görürlər. Görünür Milli Şura qaragüruhçuluğu, qeyri-konstruktivliyi, cəmiyyətdə gərginlik yaratmaq abı-havası yaratmaq istəyir. Amma bu əbəsdir. Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub. Xaricdən bu gün ölkəmizdə gedən proseslər çox müsbət dəyərləndirilir. Hətta Azərbaycan təcrübəsindən bir sıra ölkələr yararlanmağa çalışırlar. Belə halda müxalifətin süni böhran yaratma cəhdləri iflas olacaq. Çünki istənilən addım o zaman uğur qazana bilər ki, cəmiyyət onu dəstəkləsin. Cəmiyyət isə bugünkü müxalifətin nəyini dəstəkləyəcək? Onlar xaricdən gələn tapşırıqlarla hərəkət edirlər. Əgər bunların maliyyə dəstəyi xaricdən gəlirsə, Azərbaycanda vəziyyəti Suriya, Liviya və bu kimi ölkələrə döndərməyə çalışırlarsa, cəmiyyətimiz heç zaman onları dəstəkləyə bilməz. Hesab edirəm ki, müxalifətin hətta özünün təyin etdiyi mitinqdən elə özünün imtina etməsi onu göstərir ki, cəmiyyətdən dəstəklərinin olmadığının fərqinə varırlar. Bugünkü piketdə 30-40 nəfərlə etiraz edib, ajiotaj yaratma istəklərinin şahidi olduq. Biabırçı durumda olduqları, dəstəksiz qaldıqları bir daha sübut olundu. 10 milyondan çox olan əhalidən onlar bir neçə min insanı toplaya bilmirlər və bilməyəcəklər də. Ona görə ki, hökumətimizin apardığı siyasət ölkə vətəndaşının həyatını təhlükəsiz edir, rifahını yüksəldir, yeni iş yerləri yaradır, yeni yollar salınır, sosial proqramlar həyata keçirilir, mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət bir-birinin ardınca addımlar atır. İnsanlar bunları yaxşı görür. Bu baxımdan müxalifətin vəziyyəti gərginləşdirmək və hakimiyyətə yiyələnmək hissini xalq dəstəkləmir. Dedikləri şüarlardan, istəkdən başqa bir şey deyil. Onların istəklərinin qarşısında Azərbaycan cəmiyyəti, demokratik düşüncəli insanlar, ölkəmizin müstəqilliyini, inkişafını istəyən on milyon insan durur”.
Anar