Əli Həsənov: "50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmirlər"

“Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var”.

Bu sözləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov özünün Feysbuk səhifəsində yazıb.

Ə. Həsənov bildirib ki, Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır.

“Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb. Lakin o da nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar mövcuddur.
Bütün bunlar sadə reallıqdır, siyasətlə məşğul olan hər kəsin bildiyi və bilməli olduğu gerçəklikdir.

Ancaq çox təəssüflər olsun ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etmək istəmir, təşkil etdikləri etiraz tədbirlərini cəmiyyətin ümumi maraqlarını, rifahını ifadə edən vətəndaş aksiyası kimi deyil, iğtişaşlar və hərc-mərclik vasitəsi kimi istifadə etməyə çalışırlar. Müstəqillik dövründə biz dəfələrlə şahid olmuşuq ki, 1990-cı illərdə həmin insanların iştirakı ilə formalaşmış stereotiplər, öz məqsədinə çatmaq üçün istənilən vasitəni məqbul hesab etmək mərəzi, geniş xalq kütləsinin istəyinə və mövqeyinə hörmətsizlik, dövlət əmlakına ziyan vurmağa çalışmaq və s. xüsusiyyətlər radikal və dağıdıcı müxalifətə rəhbərlik edən belə şəxslərin psixologiyasının mühüm bir elementinə çevrilib və artıq özünü qeyri-şüuri formada büruzə verir. Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib".

Ə.Həsənov qeyd edib ki, bu gün dünya da, Azərbaycan da sürətlə dəyişir:

"Müxtəlif ölkələrdə müxalif qüvvələr siyasi marketinq və innovativ texnologiyalar vasitəsilə öz tərəfdarlarının sayını, elektoral dəstəyini artırır, özlərinin ənənəvi müxalifət bazasından kənardakı sosial seqmentlərə xitab edərək hərəkətə gətirir və bununla təşkilatlarının rəqabət qabiliyyətini gücləndirirlər. Lakin bizim haqqında söhbət gedən müxalifət dairələri dünyada və onun bir parçası olan Azərbaycanda dəyişən reallıqlara qətiyyən adekvat reaksiya göstərə bilmir, öz konstruktiv fəaliyyətləri ilə siyasi palitranı zənginləşdirib, keyfiyyət və məziyyətlərini yeniləməkdə acizdirlər. Təbii ki, xalq da onların hərəkətlərini görür, təhlil edir, müqayisə aparır və bir daha qəti qənaətə gəlir ki, onun maraq və mənafelərinin ən ideal təmsilçisi, sosial təkamül prosesindəki bayraqdarı bu siyasi düşərgələrdə fəaliyyət göstərən şəxslər deyil, məhz Prezident İlham Əliyev və onun iqtidarıdır. Məhz elə bu səbəbdən də müdrik xalqımız radikal müxalif düşərgəsinin nə zamansa dəyişəcəyinə, müasir dövrün tələblərinə uyğun yenidən təşkilatlanacağına inanmır, ayrı-ayrı siyasi qrupların özünü “lider” adlandırmaqdan zövq alan personalarının sosial şəbəkələrdəki “bloqqer inqilabları”na biganə yanaşır və onlara hakimiyyət mandatı verməyi ağlına belə gətirmir. Budur, AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə “bəxş etməmiş” Əli Kərimlinin “siyasətçi qabiliyəti”. Elə bu “qabiliyət”in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış “tükənmişlik sindromu”nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir. Piketin təyin oldunduğu ərazinin ətrafında lokal qrupların qarşıdurma yaratmaq cəhdləri, ətrafdan keçən insanlara, polisin qanuni tələblərinə hörmətsizlik, fərqli fikirdə olan insanlara qarşı dözümsüzlük və piketdən sonra nümayiş etdirdikləri yolverilməz hərəkətlər, etik normalardan uzaq şüarçılıq və s. kimi hərəkətləri görən hər bir vətəndaşda təbii sual yaranır: öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər? Xalqımız onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldığı maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”. Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var. Belə təşəbbüsü, təbii ki, yeni nəsil irəli sürməlidir və yəqin ki, sürəcəkdir. Hakimiyyəti və müxalifəti bütün zamanlarda və bütün ölkələrdə xalq formalaşdırır. Odur ki, siyasi sistemin önəmli bir parçası olan müxalifətin Azərbaycanda da yenidən formalaşmasına, günün tələblərinə uyğun olaraq yenilənməsinə, xalqın istək və arzusuna uyğun instituta çevrilməsinə böyük ehtiyac hiss olunur. Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır”.