“Öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər?”.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, necə deyərlər, onluğa vurub. AXCP sədrinin, onun dünənki rüsvayçı piketinin mahiyyəti o qədər lakonik ifadə edilib ki, ayrı heç nə yazmaq istəmirsən.
Hə, Əli müəllim düz deyir; Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var. Və Konstitusiyamızın verdiyi bu hüquqdan Milli Şura da istifadə etmək istəmiş, ona yox deyilməmişdi. Amma o da bildirilmişdi ki, bu, piketdir. Bu piketdə maksimum 50 nəfər iştirak etməlidir.
Amma Kərimli mahiyyətinə uyğun olaraq yenə şoumenliyə əl atdı. Bu siyasi şoumen asaylı tərəfdarlarını belə şaşırdı: Təsəvvür edin, özü çağırdığı piketə...gəlmədi.
Bu arda bir məqamı da qeyd edək: Kərimli və dəstəsi xaricdəki havadarlarını inandırmaq istəyirdilər ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı pozulur, hakimiyyət mitinqin, piketin keçirilməsinə razılıq vermir. Dünənki aksiya ilə onların sosial dayaqları da bir daha göründü. Onların xaotik çıxışlar etməsi bir daha göstərdi ki, köhnə adətlərindən əl çəkmirlər. Onlar konstitusion azadlıqdan təxribat üçün istifadə edirlər.
Kərimli siyasi saxtakarlığını özü etdiyimi ifşa edə bilməzdi. Sitat:
“Yazmışdım ki, “piketdir, deyib əhəmiyyətini azaltmayın”, 8 oktyabr aksiyası mübarizəmizi yeni mərhələyə keçirəcək. Budur, bu piket ölkəni sürətlə dəyişməkdədir”.
Təsəvvür edin, çağırış var, özü ortada yoxdur. Oğlu yaşında uşaqları polis qarşısına göndərir və onu da gözəl bilir ki, qanun pozulacağı təqdirdə polis həmin o uşaqları məcburən saxlayacaq. Amma özü evindən bayıra çıxmır. Sosial şəbəkələrdə oturub bəlkə də gülümsəyir, xaricidəki havadarlarına mesajlar yazır, bax, buyurun, sabitlik deyilən bir şey yoxdur stabil dediyiniz Azərbaycanını paytaxtında.
Amma bu metodlar da köhnəlib.
Əli Kərimli hələ də sərsəm hərəkətlərlə özünü ifşa etməklə məşğuldur, adam dərk etmir ki, çox geri qalıb və köhnə metodlarla xalqı aldatmaq mümkün deyil.
Dünən bəzi təxribat cəhdlərinin qarşısının polislərimiz tərəfindən təmkinlə, ustalıqla alınması da Əli Kərimlinin işinə yaramadı. Növbəti təxribatı da həmişəki kimi uğursuzluqla nəticələndi.
Bakının mərkəzindən Lökbatana 14 kilometrdir. 30 dəqiqəlik yoldur. 60 qəpik nəqliyyat xərcin çıxır. Bakı meriyası bu adama aksiya keçirmək üçün Lökbatanda mitinq yeri təyin etdi. Müxtəlif bəhanələr uydurdu, getmədi. Çünki adamın fikri mitinq keçirmək deyil axı. Nəyin bahasına olursa olsun, qarışıqlıq salmaq, şəhərin mərkəzində səs-küy qaldırmaqdı.
Deputat Nəsib Məhəməliyev etiraz aksiyasının şəhərin mərkəzində keçirilməsi ilə bağlı maraqlı açıqlama verib. “Hesab edirəm ki, demokratiyanın sərhədi o yerə qədərdir ki, sən digərlərinin hüquqlarını tapdalamayasan. Piketin keçirildiyi ərazinin yaxınlığında 132-134 nömrəli Təhsil Kompleksi, dövlət idarələri, Prezident Administrasiyası, Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası yerləşir. Həmçinin həmin ərazi nəqliyyatın olduqca intensiv hərəkət etdiyi bir yerdir. Mən şəhərin mərkəzində piketlərin, mitinqlərin keçirilməsinin tam əleyhinəyəm. Ümumiyyətlə, xalq bunu qəbul etmir”. Haqlıdır. Bu adamları Mərkəzə buraxmaq olmaz. Dünən bunun şahidi olduq.
Dünən o da məlum oldu ki, AXCP normal şəkildə aksiya təşkil etmək iqtidarında deyil. Ona inanmırlar. Artıq xalq dərk edir ki, Kərimlinin populist bəyanatları yalandan başqa bir şey deyil.
Yalanın ömrü isə 40 gün çəkir.
Və nəhayət: Kərimli sərbəst toplaşmaq azadlığından istifadə edərək oktyabrın 19-da yenidən aksiya keçirmək niyyətini bildirib. Məncə icazə vermək lazımdı. Çünki hər dəfəsində özünü daha çox batırır…
Səbuhi Sədəf