Parlamentdə qanunsuz aksiya pisləndi: "Məqsədləri dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi"

Milli Məclisin bugünkü iclasında Milli Şuranın 19 oktyabrda keçirməyə cəhd etdiyi qanunsuz aksiyaya münasibət bildirilib. 

Sherg.az-ın xəbərinə görə, vitse-spiker Bahar Muradova bildirib ki, icazəsiz aksiya keçirənlərin arxasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur:

"Qanundan kənar, qanuna zidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək niyyətləri olub. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirməyə cəhd göstərdilər. Bunların özü çox şey deyir. Həmin qüvvələrin məqsədi Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi. Haqqında danışdığımız qruplara baxaq və onların hərəkətlərinin nəticələri barədə fikirlərimizi korrektə edək. Onların bu cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur".



B.Muradova vurğulayıb ki, onlardan bunu hansısa kütlə, təbəqə də gözləmir:

"Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bugünkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur. Mən hesab edirəm ki, bu baxımdan bu adamlara da bir təşəkkür düşür. Çünki həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundan kənar hərəkətlər nəyə gətirib çıxara bilər. Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biəlcəyini göstərdilər. Polisi gözdən salmağa çalışmaqla, yalan məlumatlar yaymaqla, polisi hədəfə çevirməyə yönələn səylər nəyə gətirib çıxara bilər, bunu göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə də, düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda, Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siysaətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycanda  dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezident, Prezident-xalq birliyi, vətənldaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özün göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır".