Soçi görüşündən gözlənti: Ankara-Dəməşq arasında əlaqələrin bərpası mümkün ola bilər

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Putinlə danışıqlar aparacaq. Bu danışıqlar digər görüşlərdən fərqli olaraq çətin və regionda Suriya münaqişəsində Ankaranın roluna tam aydınlıq gətirəcək”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Türkiyənin “Sülh çeşməsi” hərbi əməliyyatından sonra Suriya üzrə senari yenidən yazılacaq: 

“Astana formatında Türkiyə əlini gücləndirib. ABŞ Suriyanın Şimal-Şərqindən çıxır, YPG terror təşkilatı fiaskoya uğrayıb. Ankara bufer zona yartamaq planın reallaşdırır. Bundan əlavə, Türkiyə ilə ABŞ arasında 13 maddəlik müqavilə imzalanıb. Putin Ərdoğanla üzbəüz ona görə danışıqlar aparmağı qərara alıb ki, Ankara kifayət qədər uğur əldə edib və Suriya münaqişəsində əsas oyunçuya çevrilib. Təbii ki, ABŞ qarşısında şərtlərini diktə edən Ankara sabah Rusiya qarşısında da bunu edə bilər. Ona görə də Putin Ərdoğanla bir sıra məsələlərdə razılığa gəlməyi planlaşdırır. Öncə Putin çalışacaq ki, Ərdoğanla Əsəd arasında münasibətləri normallaşdırsın. Ərdoğanın buna getməsi mümkündür. Çünki əvvəldən Ərdoğan Suriya rejiminə aid qüvvələrin YPG-nin boşaltdığı ərazilərdə yerləşməsinə etiraz etməyib. Hətta hərbi əməliyyata başlayan zaman Dəməşqə məlumat verib. Bu görüşdən sonra Ankara-Dəməşq arasında əlaqələrin bərpası mümkün ola bilər. Məhz Soçi görüşü ərəfəsində “ABŞ-ın Türkiyəyə ordu yeritməsi” kimi açıqlama Ankaraya mesaj idi”.



Politoloq: "Suriya üzərində Türkiyə-Rusiya və İran razılaşması da mümkündür"


Analitikin sözlərinə görə, Putin-Ərdoğan görüşü Suriya münaqişəsinin həllinə və tezləşməsinə gətirə bilər: 

“Putin Ərdoğandan Azad Suriya Ordusunu buraxmasını və bu ərazilərin tədricən Əsəd ordunun nəzarətinə keçməsini müzakirə edəcək. Ərdoğanın da Putindən istəkləri var. Bu, YPG terror təşkilatına Əsəd ordusunun dəstək verməsini dayandırması, Suriya sərhəddində qaçqınların yerləşdirməsinə problemlərin yaradılmaması, Əsəd ordusunun bufer zonaya yaxınlaşmaması kimi məsələlərdir. Suriya üzərində Türkiyə-Rusiya və İran razılaşması da mümkündür. İran Türkiyənin Suriyada iştirakını qəbul etməsə də, reallıqla barışmalı olacaq. Türkiyə öz mövqeyini gücləndirir. Suriya münaqişəsi ABŞ-sız, Rusiyanın moderatorluğu ilə həll ediləcək”.



M.Əsədullazadənin sözlərinə görə, Suriya məsələsində Rusiya və Türkiyənin ciddi razılıq əldə etməsi, Qarabağ məsələsinə də təsir göstərə bilər:

“Əgər, Türkiyə Naxçıvanda hərbi bazasını qurarsa, Moskva-Ankara arasında intensiv Qarabağ danışıqları mümkün ola bilər. Regionda yeni proseslərə və dəyişikliklərə gətirə biləcək situasiya yaşanır. Bunun ölkəmizə də təsirləri qaçılmazdır”.