Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib.
Bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib. O qeyd edib ki, Bakıda keçiriləcək Zirvə Görüşündə dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.
Nazir müavini bildirib ki, Zirvə Görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.
"Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın prioriteti sülhün və sabitliyin qorunmasına töhfə vermək olacaq" - deyən nazir müavini bildirib ki, beynəlxalq hüquq normaları əsasında Azərbaycan bu amilləri prioritet olaraq qəbul edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə qeyd edib ki, prioritetlər arasına, həmçinin təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi və qurumun nüfuzunun artırılması daxildir.
Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.