“Prezident tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, islahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə etdi, daha sonra struktural və kadr islahatlarına keçid başladı:
“Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırki mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünə bilər. Ancaq bir qədər diqqət etsək, kadr dəyişikliklərinin islahatların digər komponetləri ilə paralel həyata keçirildiyini görə bilərik. 2015-ci ildən bəri alınan qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir. Xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişikliklərin olduğunu göstərir. Son dəyişiklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün diqqəti cəlb edir. Qısa müddətdə baş nazirin dəyişməsi, baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni baş nazirin müavini vəzifəsinə təyinatın olması kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Ancaq bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir”.
Hikmət Babaoğlu: "Bir qədər diqqət etsək, kadr dəyişikliklərinin islahatların digər komponetləri ilə paralel həyata keçirildiyini görə bilərik"
Parlament üzvününü sözlərinə görə, böyüyən iqtisadiyyatın idarəsi qlobal iqtisadi çağrışlar və milli maraqlar kontekstində olduqca aktualdır:
“İslahatların ən ümdə vəzifələrindən biri əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin və islahatların əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının dayandığını göstərir”.