Kadr və struktur islahatları dərinləşir: İdarəetmədə YENİLİK

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra aparılan kadr islahatları yalnız Nazirlər Kabinetinin yenidən formalaşdırılması deyildi. Dəyişikliklər modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların prosesə qoşulmasını özündə ehtiva edirdi. Bu məqsədlə 2019-cu ildə kadr islahatları davam etdirildi. Beləliklə, aydın oldu ki, dövlət idarəçiliyi sistemini daim təkmilləşdirmək məqsədini qarşıya qoymuş Prezident İlham Əliyev hökumət komandasının da buna uyğunlaşdırılması istiqamətində mühüm addımlar atır. 

Bir müddət öncə baş nazir vəzifəsində edilmiş dəyişiklikdən sonra Prezident yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı kadr islahatları barədə mühüm məqamlara toxunmuşdu. Ölkə rəhbəri vurğulamışdı ki, yeni hökumət qarşısında bir çox vəzifələr qoyub: “Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox tapşırıqlar verdim. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”. Bu ifadələr bir daha göstərdi ki, dövlət başçısı kadr islahatlarını prioritet hesab edir və açıq şəkildə prosesin davam edəcəyini söyləyir. Məlumdur ki, bir gün öncə dövlət başçısının sərəncamı ilə baş nazirin müavinləri - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad edildi. Prezident həm Ə.Həsənov, həm də H.Abutalıbovla görüşündə də kadr dəyişiklikləri barədə danışdı və mühüm çağırış etdi. Dövlət başçısı yaşı 70-i keçmiş baş nazir müavinlərinin istefa ərizəsini yüksək qiymətləndirərək, gənc kadrlara yer verilməsinin zəruri olduğunu bəyan etdi. Həmçinin, vurğuladı ki, “Ümid edirəm, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaq”. Dövlət başçısının çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə istefa ərizəsini təqdim etdi. Daha sonra İqtisadiyyat naziri Şahin Mustafayev vəzifəsindən azad edilərək, baş nazirin müavini təyin olundu.

Dünən isə Prezident İlham Əliyevin sərəncamına əsasən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifəsindən azad edilib. Akademikin adı Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib. Prezidentin dünən imzaladığı mühüm sərəncamlar həm də onu göstərdi ki, dövlət başçısı sadəcə kadr islahatları ilə kifayətlənmir, eyni zamanda struktur islahatlarının aparılmasını da önəmli hesab edir. Belə ki, Prezidentin növbəti Fərmanına əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi. Kadr və struktur islahatlarının bundan sonra da davam edəcəyi ehtimal olunur. İctimaiyyət nümayəndələrinin fikrincə, gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir. Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər.



Dövlət başçısının kadr və struktur islahatlarını “Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib ki, Prezident tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.

Deputatın sözlərinə görə, islahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə etdi, daha sonra struktur və kadr islahatlarına keçid başladı: “Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünə bilər. Ancaq bir qədər diqqət etsək, kadr dəyişikliklərinin islahatların digər komponentləri ilə paralel həyata keçirildiyini görə bilərik. 2015-ci ildən bəri qəbul edilən qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir. Xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişikliklərin olduğunu göstərir. Son dəyişikliklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün diqqəti cəlb edir. Qısa müddətdə baş nazirin dəyişməsi, baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni baş nazirin müavini vəzifəsinə təyinatın olması kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Ancaq bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir”. 

Parlament üzvünün sözlərinə görə, böyüyən iqtisadiyyatın idarəsi qlobal iqtisadi çağırışlar və milli maraqlar kontekstində olduqca aktualdır: “İslahatların ən ümdə vəzifələrindən biri əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin və islahatların əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının dayandığını göstərir”.