Prezidentin siyasəti dəstəklənir: "İctimaiyyət uzun müddət idi ki, dəyişiklik istəyirdi"

"Cənab Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, sahibkarları incitməyin, onların fəaliyyətinə şərait yaradın”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.

Partiya təmsilçisi bildirib ki, gözləri şəxsi mənafelərindən başqa heç nə görməyən məmurlar və icra hakimləri bu tapşırığa əməl etmək əvəzinə öz nalayiq əməllərini davam etdirirlər: 



Azər Qasımov: "Xalq artıq köhnə qaydalarla idarəçilik istəmir və sivil dünyanın bir hissəsi kimi öz adına layiq şəkildə yaşamaq istəyir"


“Dövlət orqanları iş quran, öz ailəsi ilə bərabər bir neçə ailənin dolanışığına imkan yaradan sahibkarları dəstəkləməli, onun biznesinin böyüməsinə çalışmalıdır. Çünki ən azından bu sayədə xeyli insan öz başını saxlayır və dövlətə əlavə yük olmur. Dövlət qurumları öz vətəndaşının güclənməsində maraqlı olmalıdır. Güclü vətəndaş güclü dövlət deməkdir. Vətəndaş maddi baxımdan güclü olarsa, vergi və sosial ödəmələr baxımından dövlətini də zənginləşdirir. Ona görə də sahibkarlara mane olan istənilən məmur mütləq ciddi şəkildə cəzalanmalı və vəzifəsindən qovulmalıdır. Xalq Prezidentin bu istiqamətdə bütün səylərini dəstəkləyir və təqdir edir”.

A.Qasımovun sözlərinə görə, Prezident bununla bağlı mesajını çox ciddi şəkildə verdi və son xəbərdarlığını etdi: 

“Son günlər baş verən məmur istefaları xalqın tələbi idi. İctimaiyyət uzun müddət idi ki, dəyişiklik istəyirdi. Ümid edirik, onların yerinə gələn gənc nəsil yeni Azərbaycanın qurulmasına öz müsbət töhfələrini verəcək. Tək iş dünyasında yox, bütün sferalarda yeniliyə nail olacaqlar. Xalq artıq köhnə qaydalarla idarəçilik istəmir və sivil dünyanın bir hissəsi kimi öz adına layiq şəkildə yaşamaq istəyir”.