“Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün növbəti toplantısına Azərbaycanın ev sahibliyi etməsi bizim üçün çox əhəmiyyətlidir”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Analitik bildirib ki, bu hərəkatın əsas ana xətti beynəlxalq münaqişələri dinc və sülh yolu ilə nizama salmaqdır:
“Bu tribuna vasitəsilə Azərbaycan bir daha təcavüz, xarici hərbi işğal və etnik təmizləməyə qarşı öz sözünü deyəcək. 2012-ci ildə Misirdə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun yekun sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd daxil edilib. Yekun Sənədə əsasən beynəlxalq aləmdə qəbul olunmuş sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə edib. BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərakatına üzv dövlətlərin maraqlarını təmin edən “Caucus” qruplaşması formalaşıb. Bu qruplaşma “QH” sammitlərində qəbul olunan qərar və qətnamələrini Büro sədri vasitəsilə BMT-nin diqqətinə çatdırmaq səlahiyyətinə malikdir”.
"Zirvə Görüşündən istifadə edərək beynəlxalq ictimaiyyəti Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş qətnamələrin icrası üçün İrəvana təsir etməyə çağırmalıyıq"
Analitik bəyan edib ki, Ermənistan siyasi rəhbərliyinin son zamanlar verdiyi təcavüzkar bəyanatları bizi münaqişənin sülh yolu ilə həlli üçün üzərimizə götürüyümüz öhdəliklərdən imtina etməyə vadar edir:
“Ermənistanın belə təxribatçı yanaşması ölkəmizin ərazi bütövlüyünün təminatını təhlükə altına qoyur. Danışıqlar prosesində əsaslı dönüş olmayacağı təqdirdə regionda konservləşdirilmiş müharibə ocağı yenidən bərpa olunacaq. Biz bu tribunadan istifadə edərək mövcud vəziyyəti dünya ictimaiyyətinin və supergüclərin diqqətinə çatdırmalıyıq. Zirvə Görüşündən istifadə edərək beynəlxalq ictimaiyyəti Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş qətnamələrin icrası üçün İrəvana təsir etməyə çağırmalıyıq”.