Qoşulmama Hərəkatının Azərbaycanda keçirilməsi və sədrliyin Bakıya həvalə edilməsi önəmli uğurdur.
Bu sözləri Axar.az-a açıqlamasında türk politoloq və ekspert Engin Özər Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünü şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, bu Sammit Qarabağ münaqişəsinin dünya gündəminə gətirilməsində müstəsna rol oynayacaq:
“İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın geosiyasi mövqeyi və baxışı Qoşulmama Hərəkatının siyasi istiqaməti ilə üst-üstə düşür. Azərbaycanın regiondakı əhəmiyyəti və təsiri də gündən-günə artmaqdadır. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatının gücü və üzvlərinin sayı artır. NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq istəməyən yüzlərlə ölkə var. Qoşulmama Hərəkatı bu ölkələrin blokuna çevrilməkdədir.
Bu gün etibarilə BMT-dən sonra dünyadakı ən böyük təşkilat Qoşulmama Hərəkatıdır. Bu cür böyük bir təşkilatın Zirvə Görüşünün Azərbaycan tərəfindən layiqincə təşkili və keçirilməsi Bakının xarici siyasətinin böyük uğuru hesab olunmalıdır”.
Ekspert bildirib ki, dünənə qədər Azərbaycan daha çox öz mövqeyini qorumağa çalışan bir ölkə idi, bu günsə artıq xarici siyasətdə söz sahibi bir ölkəyə çevrilir:
“Azərbaycanın Cənubi Qafqazda mövqeyinin xeyli gücləndiyinin şahidi oluruq. Bu, Azərbaycana Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməyə yardım edəcək. Önümüzdəki mərhələdə Azərbaycan diplomatik əlaqələr qurmaqla rəsmi İrəvana daha çox təzyiq göstərə biləcək, dünya ictimaiyyətinə Qarabağ münaqişəsi daha aktiv şəkildə çatdırılacaq. Azərbaycan üçün gözəl bir mərhələ başlayır”.