“Azərbaycanda keçirilən Qoşulmama Hərəkatında müxtəlif dövlətlərin və beynəlxalq qurumların iştirakı ilə qəbul olunan yekun sənəddə Dağlıq Qarabağ probleminin ədalətli həlli öz yerini tapdı”. Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Parlament üzvü qeyd edib ki, son illər ərzində Azərbaycan bütün sahələrdə inkişaf edib, iqtisadiyyatımız və ordumuz güclənib:
“Eyni zamanda son illər ərzində dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarından hüquqi sənədlər əldə etmişik. Ərazi bütövlüyümüzün tanınması, Ermənistanın işğalçı dövlət olması, ərazilərimizin işğal altında qalması haqqında fikirlər səsləndirmişik. Bakıda keçirilən Qoşulmama Hərəkatı Zirvə Toplantısında 120 dövlətin təmsil olunması böyük rəqəmdir. Deməli, bu tədbir çox nüfuzlu və dəyərlidir. Dövlətlərdən başqa Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla beynəlxalq qurumlar öz nümayəndələri ilə Bakıda təmsil olunurdular. Yekunda qəbul olunan sənədlərdə cənab Prezident çıxışında Dağlıq Qarabağla bağlı fikirlərini açıqladı, Ermənistanın işğalçı dövlət olduğunu bəyan elədi. Tədbirdə BMT-nin nümayəndəsi də iştirak edirdi. Cənab Prezident söylədi ki, BMT ikili standartlara son qoymalıdır. Artıq 25 ildir ki, BMT Dağlıq Qarabağ probleminin həlli ilə bağlı 4 qətnamə qəbul edib və onlar sadəcə kağız üzərində qalıb. Amma elə qərar və qətnamələr qəbul edirlər ki, onlar bir günün içində icra olunur. Deməli, burada ikili standartlara yol verilib. Ona görə də ölkə başçısı tənqidi fikrilərini söylədi.
Elman Məmmədov: "Tədbirin yekununda qəbul edilən sənədləri xüsusi olaraq alqışlamalıyıq"
Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi və Ermənistanın işğalçı olması ilə bağlı ifadələr öz yerini tapdı. Hesab edirəm ki, Bakıda keçirilən Qoşulmama Hərəkatı Azərbaycanın beynəlxalq səviyyədə olan növbəti uğurudur. Tədbirin yekununda qəbul edilən sənədləri isə xüsusi olaraq alqışlamalıyıq”.
Qeyd edək ki, Oktyabrın 25-26-da Bakı Qoşulmama Hərəkatı Zirvə Toplantısına ev sahibliyi etdi. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib. 120 dövlət və hökumət başçısının dəstəklədiyi sənəddə Azərbaycan ərazilərinin işğalı faktı bir daha təsdiqlənib.