“120 dövlət və hökümət başçısının dəstəklədiyi sənəddə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı bir daha təsdiqləndi. Adı çəkilən ölkələr Ermənistanı işğalçı dövlət kimi tanıdılar”.
Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. Analitik bildirib ki, bu, münaqişənin taleyində mühüm əhəmiyyətə malik olan, çox ciddi naliyyətdir, ölkəmizin beynəlxalq arenada atdığı daha bir uğurlu addımdır:
“Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ölkəmizin beynəlxalq arenada yürütdüyü balanslı siyasətin təzahürüdür. Zirvə Görüşünün Bakıda keçirilməsi dünya dövlətlərinin maraqlarının qorunmasına verilən töhfədir. Azərbaycanın xarici siyasətdə yürütdüyü uğurlu, humanist siyasət, ölkəmizi etibarlı tərəfdaşa, mühüm tədbirlərin platformasına çevirib. Qoşulmama Hərəkatına üzv dövlətlərin iştirakı ilə Bakıda Zirvə toplantısının keçirilməsi ölkəmiz üçün çox önəmli oldu”.
Qeyd edək ki, Oktyabrın 25-26-da Bakı Qoşulmama Hərəkatı Zirvə Toplantısına ev sahibliyi etdi. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib. 120 dövlət və hökumət başçısının dəstəklədiyi sənəddə Azərbaycan ərazilərinin işğalı faktı bir daha təsdiqlənib.