Avropa İttifaqının (Aİ) Bakı nümayəndəliyi bəyanat yayıb. APA -nın məlumatına görə, bəyanatda bildirilir ki, Aİ-nin Bakı nümayəndəliyi bəzi media orqanlarında “Aİ səfiri Bakıda küçə döyüşü ssenarisini hazırlayır” başlıqlı məqalələrdəki ittihamları tamamilə rədd edir.
Bəyanatda vurğulanır ki, "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan Azərbaycan Aİ üçün vacib, o cümlədən enerji sahəsində strateji tərəfdaşdır.
"Aİ, həmçinin, Azərbaycanın suverenliyini müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz hazırda danışıqlar apardığımız, insan haqları da daxil olmaqla bir çox mövzunu əhatə edən yeni, hərtərəfli və ambisiyalı saziş vasitəsi ilə tərəfdaşlığımızı inkişaf etdirmək və genişləndirmək üçün birgə işləyirik. Aİ Azərbaycandakı islahatlar gündəliyini dəstəkləməyə davam edir", - deyə bəyanatda qeyd olunur.
Bəyanatda o da vurğulanır ki, Aİ həm neft, həm də qeyri-neft sektorunda Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investordur: "Biz xüsusilə təhsil və regional inkişafa dəstək verməklə, Azərbaycanda iqtisadi diversifikasiyaya dəstəyimizi nümayiş etdiririk.
Avropa İttifaqı Nümayəndəliyi beynəlxalq hüquq və təcrübəyə əsasən Azərbaycan cəmiyyətinin bütün seqmentləri ilə əlaqə qurur. Bu o deməkdir ki, biz dinləyirik, lakin tərəf qismində çıxış etmirik. Bütün dünyada diplomatik xidmətlərin təcrübəsində olduğu kimi, biz təkcə hökumətlə deyil, o cümlədən müxalifət, vətəndaş cəmiyyəti və digər qruplarla da görüşlər keçiririk".