Azərbaycan hökuməti bir neçə həftə öncə Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini Avropa Məhkəməsinə təqdim edib. Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.
Ç.Əsgərov vurğulayıb ki, bu məsələ ilə əlaqədar Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayıb.
Onun sözlərinə görə, bununla bağlı Avropa Məhkəməsinə çox müfəssəl mövqe təqdim olunub: “Bu prosesdə sonuncu mərhələdir. Bundan sonra Avropa Məhkəməsi artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər".
Millət vəkili Elman Məmmədov isə düşünür ki, məhkəmənin verdiyi qərar heç də həlledici rol oynamayacaq. Deputat Sherg.az-a bildirib ki, əgər məhkəmə bizim lehimizə qərar versə, təbii ki, Ermənistan tərəfi çətin vəziyyətdə qalacaq:
"Lakin qəbul olunan dörd qətnamə kimi bu, beynəlxalq sənədi tanımaqdan imtina edib girovları azad etməyə də bilər. Onsuz da düşmənlərimizin məkrli siyasəti hamıya məlumdur. Ermənistan illərdir ki, heç bir beynəlxalq sənəd tanımır və bu əməllərinə görə onları cəzalandıran yoxdur. Əgər Avropa İnsan Haqları Məhkəməsi bizim xeyrimizə qərar qəbul etsə və qərarının üzərində ciddi-cəhdlə dayansa, bəlkə də, girovlarımız azad ola bilər".
Kənan Novruzov