“Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlıların əksəriyyəti radikal müxalifəti təmsil edən nümayəndələrdir”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Partiya funksioneri deyib ki, bu adamlar Almaniyada 1000-3000 avro müqabilində siyasi sığınacaq alacaqları ilə azı 20 nəfəri aldadıblar:
“Almaniyada baş verən olaylar radikal müxalifətin kriminal fəaliyyətlə məşğul olduğunun göstəricisidir. Radikal müxalifətin "mühacir" biznesi ilə məşğul olması məsələsini ilk dəfə 2016-cı ildə şəxsən özüm ictimailəşdirmişəm. Sənədlər, faktlar, onların verdiyi arayışlar əsasında bunu hələ o, zaman ictimaiyyətə çatdırmışdım. Bu günə qədər həmin məlumatı on minlərlə şəxs oxuyub. "Mühacir" biznesinə radikal müxalifət bir neçə il bundan öncə başlayıb. Konkret olaraq icazəli, icazəsiz mitinqlərdə polislə şəkil çəkdirib və sonra Avropaya gedib sığınacaq almaq istəyən şəbəkə fəaliyyət göstərir. Buradakı radikal müxalifətlə, həmin qüvvələrin xaricdəki nümayəndələri arasında əməkdaşlığı var idi. Onların satdığı saxta partiya arayışı nəticəsində 100 minlərlə avro qazanc əldə ediblər. İndi də Almaniya polisi həmin məsələni araşdıraraq "mühacir" biznesi ilə məşğul olan bir qrupu həbs edib. Avropa ölkələrinin polisi də, xaricdə yaşayan həmin radikal müxalifət təmsilçilərinin cinayətlə məşğul olduğunu təsdiq edir. Müsavat Partiyasının da Əli Kərimli kimi bu biznesdən qazandığı bəlli idi”.
Niyaməddin Orduxanlı: "Konkret olaraq icazəli, icazəsiz mitinqlərdə polislə şəkil çəkdirib və sonra Avropaya gedib sığınacaq almaq istəyən şəbəkə fəaliyyət göstərir"
N.Orduxanlının sözlərinə görə, proses ciddi şəkildə araşdırılarsa, Əli Kərimlinin dəstəsinin də saxta fəaliyyətləri üzə çıxacaq:
“Mənəviyyatdan kənar olan bu insanlar yüzlərlə adamı öz tələlərinə salıb, aldadıb. Bildiyim qədər bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanlarında da istintaq prosesi aparılır. Digər paralel məsələ isə “siyasi məhbus” alverilə bağlıdır ki, bu məqamda olan çirkin əməllər üzə çıxacaq. Hərəsi əlinə bir kağız alıb, cinayət törətmiş insanları “siyasi məhbus” adı ilə beynəlxalq təşkilatlara təqdim edir. Bu məsələyə də qazanc mənbəyi kimi baxırlar. Beləliklə radikal müxalifət həm "mühacir" biznesi, həm də "siyasi məhbus" alveri ilə paralel məşğul olur. Onun müqabilində pul alıb xarici təşkilatlara təqdim edirlər ki, öz hesabatlarını hazırlayarkən Azərbaycan hökumətinə təzyiq metodu kimi istifadə etsinlər. Yəni dövləti cinayətdə ittiham olunan şəxsləri onlar pul müqabilində siyasi məhbus kimi təqdim edirlər. Əminəm ki, günün birində radikal müxalifətin siyasi məhbus alverilə məşğul olduqları ilə bağlı da faktlar ortaya çıxacaq”.