Gələn ilə təcrübə yığsınlar: Gənclər üçün bələdiyyə seçkiləri uğurlu bir tramplin ola bilər

Noyabr ayının 22-si, yəni bir gün sonra bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün ayrılan müddət başa çatacaq. Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ötən müddət ərzində 41 min 841 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib. Onlardan 22 min 529 nəfərin namizədliyi qeydə alınıb.

Müşahidələr göstərir ki, əvvəlki dövrlərdən fərqli olaraq budəfəki bələdiyyə seçkisinə gənclərin marağı daha çoxdur. Sosial şəbəkələrə nəzər saldıqda da aydın olur ki, namizədliyini irəli sürənlər arasında gənclər çoxluq təşkil edir. Ekspertlərin fikrincə, son dövrlər aparılan kadr islahatları və idarəetmədəki dəyişikliklər gənclərin önə çıxması prosesinə xüsusi təkan verir. 



Gənclərin fəallaşmasını “Şərq”ə dəyərləndirən gənc siyasi şərhçi Kamran Sultanlı bildirib ki, bələdiyyə seçkilərinə gənclərin marağı təqdirəlayiq haldır:

“Ümid edirəm, gənclər öz yaşadıqları dairələrdə insanlara bələdiyyə institutunun vacibliyini, yerli özünü idarəetmə orqanlarının effektivliyini anlada biləcəklər. Gənclərin fəallığı yerli özünü idarəetmə orqanlarının statusunun artırılmasına gətirib çıxaracaq. Habelə gələnilki parlament seçkilərində bir təcrübə platforması olacaq. Azərbaycanda gənclərin seçki prosesini mənimsəmələri üçün də bələdiyyə seçkiləri uğurlu bir tramplin ola bilər”. 

K.Sultanlı seçkilərdə xeyli gənc dost-tanışının iştirak edəcəyini bildirib:

“Onlar arasında Xətai rayon dairəsindən namizədliyini irəli sürən Rusif Məmmədsoy və Bərdədən namizədliyini irəli sürən Murad Hüseyn Difaiyə uğurlar arzu edirəm. Həmin dairələrdə olan insanları, həmçinin yaxınlarımı gənclərə səs verməyə, dəstək olmağa çağırıram. Gənclərin uğurlu nəticə əldə edəcəyinə və öz dairələrində vətəndaşlara xidmət göstərəcəklərinə, bələdiyyə institutunun statusu üçün çalışacaqlarına tam əminəm. Hər birinə uğurlar arzulayıram”.