“Məncə, dini liderlərin görüşü indiki halda Azərbaycanın maraqlarına cavab vermir. Belə təmaslar sadəcə erməni tərəfinin işinə yarayır”. Bunu Sherg.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
QAT sədri bildirib ki, bəzi beynəlxalq təşkilatların, eyni zamanda xarici diplomatların ictimaiyyət nümayəndələri və dini rəhbərlər arasındakı görüşləri müdafiə etmələri erməni siyasətinə havadarlıqdır:
“Bu günlərdə erməni jurnalistlər Azərbaycana səfər etdi, eyniylə azərbaycanlı jurnalistlərin Ermənistanda olduqları barədə xəbərlər yayıldı. Məsələ Azərbaycan ictimaiyyəti tərəfindən çox sərt qarşılandı, sosial şəbəkələrdə etirazlar baş qaldırdı. Deməli, ictimaiyyət bunu dəstəkləmir. Çünki həm jurnalistlər, həm deputatlar, həm də dini liderlərin qarşılıqlı səfərləri və görüşləri müsbət nəticə verməyib. Nəzərə almaq lazımdır ki, tarix boyu erməni kilsəsi və onun rəhbərləri Azərbaycana qarşı soyqırımların, qətliamların, işğalçılıq siyasətinin başında dayanıb. Bugünədək görməmişik ki, erməni kilsəsinin hansısa nümayəndəsi işğalçılığı, terrorçuluğu, qadın və uşaqların öldürülməsini qınasın.
Akif Nağı: "Erməni “din” adamları daim xalqlar arasında kin, nifrət yaradıblar, şovinizmi təbliğ ediblər"
Heç vaxt zəbt etdikləri ərazilərimizdə dini abidələrin, məzarlıqların məhv edilməsinə, vəhşicəsinə dağıdılmasına qarşı bəyanat verməyiblər. Onlar həqiqətən din adamlarıdırsa, niyə bir dəfə də olsun bu vəhşilikləri pisləməyiblər, müharibə əleyhinə çıxış etməyiblər? Erməni “din” rəhbərləri 5 ildir girovluqda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlı quruca bəyanat belə verməyiblər. Hətta Rusiya dini lideri patriarx Kiril bununla bağlı Ermənistana çağırış etsə də, erməni tərəfindən səs çıxmamışdı”.
A.Nağı vurğulayıb ki, əgər düşmənin mövqeyi budursa və heç zaman dəyişmirsə, o halda dini liderlərin təkrar-təkrar görüşməsi məna kəsb etmir:
“Erməni kilsəsi ümumiyyətlə xristianlıqdan çıxarılmalı, qovulmalıdır. Çünki erməni “din” adamları daim xalqlar arasında kin, nifrət yaradıblar, şovinizmi təbliğ ediblər. Onların məqsədi bəşəriyyətə xidmət etmək olmayıb. Xristian dünyası və dini liderlər bu məsələ üzərində ciddi düşünməlidirlər. Erməni kilsəsi mənəviyyat və din adına zidd olan fəaliyyət icra edirlər”.