Famil Fərhadoğlu: “Bələdiyyəni xalq seçirsə, o yalnız xalqa hesabat verməlidir”
“Bələdiyyə seçkilərinin tarixi haqqında məlumatlı olsam da, iştirak etməklə bağlı fikrim yox idi. Namizədliyimi irəli sürməklə bağlı anidən qərar verdim”. Bunu “Şərq”ə açıqlamasında bələdiyyə seçkisinə namizədliyini irəli sürən tanınmış jurnalist “Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlu deyib. Jurnalist bildirib ki, son zamanlar ölkədə aparılan islahatlar onu seçkilərə qatılmağa sövq etdib: “Son dövrlər Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün dövlət və xalqın maraqları nəzərə alınmaqla mühüm addımlar atılır. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara etimad göstərilir. Ölkə başçısının bu istiqamətdəki mesajı prosesə qoşulmağım üçün vəsilə oldu. Mən də cənab Prezidentin bu çıxışını bir gənc kimi müsbət qarşıladım. Qərara aldım ki, dekabrın 23-ü ölkədə keçiriləcək Bələdiyyə seçkilərində namizəd kimi iştirak edim. Çünki mən də bir gənc kimi ölkəmizin inkişafı ilə bağlı cənab prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlara dəstək vermək arzusundayam”.
F.Fərhadoğlu imzatoplama prosesində hansısa problemlə üzləşmədiyini deyib: “Seçki Komissiyası tərəfindən namizədliyin qeydə alınması prosesinin tam şəffaf qaydada keçdiyini demək olar. Müvafiq qaydada sənədlərimi təqdim etdim. Bütün prosedurları yerinə yetirdim. İmza toplamaq üçün 32 saylı Suraxanı 3-cü seçki dairəsindən imza vərəqələri götürdüm. Demək olar ki, bu proseslə bağlı problem yaşanmadı. Yalnız ərazidə yaşayan sakinlərin bələdiyyəyə olan inamının itməsi imzatoplama kampaniyasına təsirsiz ötüşmədi. Bəzi insanlar bundan öncəki illərdə Əmircan Bələdiyyəsinin fəaliyyətindən narazı qalıblar. Ona görə də bələdiyyənin problemlərinin həllində kömək olacağına ümid etmirlər. Mən bir namizədliyə iddialı şəxs kimi potensial seçicilərim hesab etdiyim insanları inandırmağa çalışırdım ki, ölkədə həyata keçirilən islahatlar, regionların sosial-inkişafı ilə bağlı hökümətin atdığı addımlar yerli özünü idarəetmə orqanlarının da işinə müsbət mənada təsir edəcək”.
Media nümayəndəsi bildirib ki, 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunandan sonra Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayır: “Mənim uşaqlığım, gəncliyim bu qəsəbə ilə bağlıdır. Burada yaşayan insanlar arsında xoş, doğma münasibət var. Qədim Bakı kəndi olan bu qəsəbədə insanlar bir-birini tanıyırlar. Sakinlərin böyük əksəriyyəti mənim jurnalist fəaliyyətimlə tanışdırlar. Bilirlər ki, televiziyada sosial layihələrdə çalışdığım dönəmdə, istərsə də yazılı mətbuatda insanların problemlərini gündəmə gətirmişəm. Bu sosial məsələlərin ictimailəşdirilib, həll edilməsində əlimdən gələni etmişəm. Bu, məni tanıyan seçicilərin mənə inanıb, dəstək olmasına təsir edən ən böyük amildir”.
Namizəd vurğulayıb ki, əksər hallarda sakinlər yaşadıqları ərazinin bələdiyyəsinin üzvlərindən heç olmasa, 3-nü tanımırlar: “İndiyədək yerli idarəetmə qurumlarının ölkənin siyasi-iqtisadi və ictimai həyatında oynadığı rol demək olar ki, hiss edilməyib. Buna görə də bələdiyyə xidməti insanlar arasında populyar deyil. Əhalinin əksəriyyəti bələdiyyələri torpaq sahələrini paylayan bir qurum zənn edir. Bunun da səbəbi bir çox bələdiyyələrin sakinlərin sosial problemləri ilə maraqlanmaması ilə bağlıdır. Bələdiyyə üzvləri elə düşünürlər ki, seçkidə lazım olan səsi toplamaqla işləri bitmiş sayılır. Sizə bir faktı misal çəkim. İmza toplama kampaniyasında üz müraciət etdiyim sakinlər deyir ki, adi Əmircan Bələdiyyəsinin yerləşdiyi küçədə qəsəbədaxili yollar pis gündədir. Bələdiyyə üzvləri bunu görüb bir addım atmırsa, həmin üzvlər sakinlərin problemlərinə, onları narahat edən məsələlərə necə həssas münasibət göstərə bilər? Vətəndaşın haqlı və arqumentli sualı doğurdan da bu gün bir çox bələdiyyələrin iş prosesi barədə müəyyən təsəvvür yarada bilir. Məsələn, qardaş Türkiyədə bələdiyyələrin fəaliyyəti Azərbaycanla müqayisədə tamam fərqlidir. Türkiyədə bələdiyyələr şəhərin idarəçiliyini öz üzərinə götürür. Məsələn, İstanbul bələdiyyəsi İstanbulla bağlı olan bütün problemləri həll edir. Mənə elə gəlir ki, qopnşu ölkədəki bələdiyyə təcrübəsi ölkəmizdə tətbiq edilsə, bu özünüidarətmə orqanların fəaliyyətləri daha effektiv olar. Bu mənada ümid edirəm ki, Suraxanıya yeni təyin olunan icra başıçı Əziz Əzizov yerliözünü idarəetmə strukturu olan bələdiyyələrin daha müstəqil olması üçün öz dəstəyini verəcək.
Əgər bu seçkidə uğur qazansam, bələdiyyə nümayəndəsi kimi bələdiyyənin müstəqilliyinin təmin olunması istiqamətində çalışacağam. Hesab edirəm ki, bələdiyyə icra hakimiyyətinin yedəyində olmamalıdır. Bələdiyyəni xalq seçirsə, o yalnız xalqa hesabat verməlidir. İnanıram ki, ölkəmizdə başlanan ən yüksək səviyyəli islahat bələdiyyələri də əhatə edəcək. Vətəndaşlar bu idarəçilik sistemində rahatlıqla yararlana biləcək”.