Azərbaycanda İdeologiya Nazirliyi yaradılsın! - Bu sahədə boşluqlar var

“Təklif edirəm ki, ölkəmizdə İdeologiya Nazirliyi yaradılsın. Bu, çox vacibdir”. Bu təklifi feysbuk profilində tanınmış politoloq Nəzakət Məmmədova irəli sürüb. Sosial şəbəkə istifadəçilərindən sözügedən təklifi müsbət dəyərləndirənlərlə yanaşı, buna ehtiyac olmadığını bildirənlər də olub.

Bəziləri ideoloji qurumların sovet ənənəsi olduğunu deyiblər. Bir qisim isə vurğulayıb ki, ayrıca İdeologiya Nazirliyi yaradılmasa belə hər qurumda ayrıca ideoloji şöbənin olması vacibdir. 



Politoloqun təklifini “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini, siyasi şərhçi Vasif Əfəndiyev deyib ki, Azərbaycanda İdeologiya Nazirliyinin yaradılması təşəbbüsü bu sahədə olan boşluqlardan irəli gəlir. Ekspertin sözlərinə görə, ölkənin vahid milli ideologiya xətti olmalıdır. Ancaq bunu nazirlik səviyyəsində, inzibati yollarla reallaşdırmaq mümkün görünmür:

“Milli ideologiyanı bir istiqamətdə, vahid struktur şəklində formalaşdırmaq çətindir. Bundan ötrü dövlətin coğrafi mövqeyi, qonşu dövlətlər, əhalinin sayı, milli tərkibi, dini baxışlar, demokratik mühitin səviyyəsi və vətəndaş cəmiyyətinin fəaliyyəti nəzərə alınmalıdır. İndiki şəraitdə bunu tam olaraq üzərinə götürə biləcək qüvvə və siyasi şərait yoxdur. Vahid konsepsiyanın yaradılması isə perspektiv plan ola bilər. Ona görə də bu iş dövlətlə vətəndaş cəmiyyətlərinin birgə fəaliyyəti üzərində qurulmalıdır. Eyni zamanda QHT-lər indiyə qədər milli ideologiyanın formalaşmasına önəmli töhfə verə bilməyiblər. Əksər qeyri-hökumət təşkilatları üçün milli ideologiya sanki ikinci plana keçib. Ona görə də işin ağırlığı yenidən dövlətin üzərinə düşür”.



Vasif Əfəndiyev: "Bunu üzərinə götürə biləcək qüvvə və siyasi şərait yoxdur"


Partiya təmsilçisi vurğulayıb ki, Gəncə və Nardaran hadisələri ölkəmizə xaricdən kobud müdaxilənin olduğunu ortaya qoydu:

“Əfsuslar olsun ki, xaricdən idxal olunan ideologiyaların hücumuna məruz qalırıq. Milli ideologiyanın tərkib hissəsi olan dini məsələlər kifayət qədər tənzimlənmir. Qafqaz Müsəlmanları İdarəsi ölkədə dini vəziyyəti nəzarətdə saxlamaqda çətinlik çəkir. Bu qurumun fəaliyyəti  artıq simvolik xarakter daşımağa başlayıb və onun bu şəkildə davam etməsi gələcəkdə daha böyük boşluqların yaranmasına səbəb ola bilər. Milli ideologiya konsepsiyası mürəkkəb və dərin mövzudur. Açığını deyim ki, məsələnin çox geniş və mötəbər səviyyədə müzakirə olunması vacibdir. Hörmətli politoloqumuz Nəzakət Məmmədovanın həyəcan təbili çalmasını yüksək qiymətləndirirəm. Vəziyyətdən çıxış yolu üçün müəyyən format tapılmalıdır. Nazirliklərin sayının artırılmasını isə doğru hesab etmirəm. Mənə görə bu sahədə dünya praktikasına müraciət etmək lazımdır. Belarusda 36, İsveçrədə isə 6 nazir kreslosu var. Bu iki ölkənin əhalisi təxminən bizimlə eynidir. Məncə, İsveçrə modeli daha münasibdir”.