Rusiya gözləmə mövqeyindədir: Moskva Paşinyana qarşı alternativlərdən istifadə edə bilər

“Moskvanın Paşinyan hakimiyyətinə etimadsızlığı müvəqqəti deyil, daimidir”. Bunu “Şərq”ə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.  Analitik vurğulayıb ki, kosmetik dəyişikliklər bizi qətiyyən aldatmamalıdır. Onun sözlərinə görə, Rusiyanın indiyə qədər proseslərə aktiv surətdə müdaxilə etməməsinin kökündə dayanan səbəb özünə sadiq siyasi qüvvənin hələ tapılmamasıdır: 

“Son dövrlər Rusiya xarici siyasəti daha praqmatik və təmkinli xarakteri ilə seçilir. Birbaşa siyasi-hərbi həmlələr müasir Rusiya xarici siyasətinin təbiətinə yaddır. Suriya nümunəsi də bunu təsdiq edir. Uğurlu strateji diplomatiya və "hibrid" müharibə elementlərinin xüsusi peşəkarlıqla istifadə olunması sayəsində Rusiya Aralıq dənizinin şərq sahillərində hakim gücə çevrilib. Ancaq SSRİ ənənələri ilə müasir Rusiyanın xarici siyasət prinsiplərini assosasiya etdiyimiz üçün bəzən hadisələri düzgün təhlil edə bilmirik. Ermənistan-Rusiya münasibətlərinin hazırkı səviyyəsi barədə rəylərin çox tələm-tələsik, hərtərəfli analiz edilmədən verildiyini müşahidə etməkdəyik.


Politoloq: "Çiçəklənən Ermənistan" partiyasının son vaxtlar Moskva ilə yaxınlaşması da bundan xəbər verir”


Sanki Paşinyan hakimiyyətə gələn kimi Rusiya zirehli texnikanı İrəvanın mərkəzinə yeridib çevriliş etməli idi. Yaxud da Lavrov İrəvanda "Qarabağ xalqı" ifadəsindən istifadə edibsə, deməli, ənənəvi strateji müttəfiqlik ənənələri hələ də davam edir”. 
Politoloqun fikrincə, Rusiya gözləmə mövqeyindədir: “Məxməri inqilab"dan sonra uzun müddət Respublikaçılar Partiyasının üzərində dayandı. Amma xalqın bu partiyaya etimadının zəif olması və eyni zamanda Qərbin Sarkisyanla təmaslara keçməsi Moskvanı tərəddüd qarşısında qoydu. İndi Moskva başqa alternativlərə yönəlib. Ermənistan Parlamentində Paşinyanın blokundan sonra ən çox yer qazanmış "Çiçəklənən Ermənistan" partiyasının son vaxtlar Moskva ilə yaxınlaşması da bundan xəbər verir. Məncə, çox uğurlu gedişdir. "Çiçəklənən Ermənistan" sosial bazaya malik partiyadır. Rəhbəri də biznesmen olduğu üçün Kremllə yaxşı yola gedə bilər”.