İranın dağılması Azərbaycana ziyandır: Böyük qaçqın axını ilə üzləşə bilərik

“İranda hakimiyyətə qarşı baş verən etirazlar və kütləvi nümayişlər son bir neçə ildə dəfələrlə təkrarlanıb”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Partiya rəsmisi vurğulayıb ki, bu ilin noyabr ayının ortalarından başlayan kütləvi çıxışlar əvvəlkilərə nisbətən daha kütləvi və uzunmüdətli olması ilə seçilir: 

“Yanacağın qiymətinin yarıbayarı bahalaşması kifayət qədər ciddi hadisədir. Əgər bir neft ölkəsində yanacağın qiyməti kəskin bahalaşırsa, deməli iqtisadiyyatda böyük problemlər var. Hərçənd, bunu görmək üçün heç də bahalaşmanı gözləmək lazım deyildi. İran milli valyutasının dollar qarşısında çox zəif olması və alıcılıq qabiliyyətinin gündən-günə aşağı düşməsi gözlərimizin qarşısında baş verir. Müasir dünyanın tələblərinə cavab verməyən dövlət quruluşlarında və idarəçilik sistemlərində dəyişikliklər qaçılmazdır. Bunu ya hakimiyyətlərin özləri “məxməri inqilab”lar sayəsində həyata keçirməlidir, ya da xalq kütlələrinin ayaqlanması ilə dəyişikliklər baş verməlidir. Təbii ki, bu sayaq dəyişikliklər çox ağrılı və uzunmüddətli proses şəklində davam edir. İnqilablar yolu ilə radikal dəyişikliklər arzuolunmazdır. İran bizim böyük qonşumuz və tarixi köklərlə bağlılığımız olan dövlətdir. Bu dövlətdə 35 milyon civarında etnik bağlılığı olan soydaşlarımız yaşayır. Soydaşlarımızın budəfəki etiraz aksiyalarında aktiv olması İranın milli siyasətində yerli türk xalqlarına qarşı yanlış siyasətinin nəticəsidir”. 



Politoloq: "Bu prosesləri ABŞ və ya Qərb dairələrinin üstünə atmaq şəxsi uğursuzluqları kompensasiya etmək cəhdidir və çeynənmiş bəyanatlardır"


V.Əfəndiyev vurğulayıb ki, min ildən artıqdır yerli türklər İranı bir dövlət olaraq göz bəbəyi kimi qoruyub saxlayıblar: 

“İranın mövcudluğunun təminatçısı məhz türklərdir. Rejimin zirvəsində dayanan idarəçilərin də böyük əksəriyyətinin türklər olmasına baxmayaraq, türklərin milli muxtariyyatı yoxdur. Əlbətdə, baş verənlər İranın daxili işidir. Bizim əsas marağımız İranın demokratik və stabil dövlət olmasıdır. Kütləvi çıxışlar və ayaqlanmalar pik səviyyəsinə çatdıqda bizim üçün arzuolunmaz hadisələrlə nəticələnə bilər. Müharibə şəraitində yaşayan Azərbaycan Respublikası böyük qaçqın axını qarşısında çətin duruma düşə bilər. İran xalqları öz taleyini özləri həll etməlidir. Gələcəkdə baş verəcək mümkün dəyişiklilklərdə isə biz qardaş köməyimizi əsirgəməyəcəyik. Tehranda rejimin təşkil etdiyi dəstək mitinqi isə bütün avtoritar quruluşlarda baş verən proseslərin tərkib hissəsidir”. 

Analitik qeyd edib ki, İran böyük dəyişikiliklər qarşısındadır: 

“Bu prosesləri ABŞ və ya Qərb dairələrinin üstünə atmaq şəxsi uğursuzluqları kompensasiya etmək cəhdidir və çeynənmiş bəyanatlardır. Təbii ki, İrana qarşı Qərbin tətbiq etdiyi sanksiyalar öz işini görməkdədir. Bu sanksiyalar birbaşa müdaxilə olmasa da, dolayısı ilə öz işini görür. Artıq ABŞ rejimləri dəyişmək üçün öz əsgərini aktiv hərbi əməliyyatılar üçün özgə torpaqlara göndərmir. Anti-demokratik rejimlər sanksiyalar vasitəsilə dəyişdirilir”.