Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq da inkişafdadır - AKTUAL

“Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü iki ölkə arasında nəinki iqtisadi və mədəni əlaqələrin, həmçinin hərbi sferada da sıx əməkdaşlığın genişləndirilməsinin göstəricisidir”.

Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib. 

Partiya təmsilçisi bildirib ki, sözügedən görüşdə Nəcməddin Sadıkov Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığı faktını da qarşı tərəfin diqqətinə çatdırıb. Generalımız münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Valeri Gerasimov da öz növbəsində ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu qeyd edib. Generalların bu görüşü ölkələrimiz arasında əməkdaşlığın, xüsusən də hərbi əlaqələrin inkişafı nə qədər zəruri olduğunu bir daha ortaya qoydu”. 



Əlisahib Hüseynov: "Rusiya ilə hərbi əməkdaşlığımızın daim yüksək səviyyədə olması bizim strateji maraqlarımıza cavab verir"


Siyasi şərhçinin sözlərinə görə, Rusiya sadəcə qonşumuz deyil, həm də münaqişənin həllində bilavasitə yaxından iştirak edən və məsuliyyəti paylaşan 3 həmsədr ölkədən biridir: 

“Üstəgəl, biz hər il Rusiyadan xeyli miqdarda yeni silahlar alırıq, müdafiə-döyüş imkanlarımızı gün-gündən genişləndiririk. Odur ki, Rusiya ilə hərbi əməkdaşlığımızın daim yüksək səviyyədə olması bizim strateji maraqlarımıza cavab verir. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında qeyd edib. Biz Qarabağ münaqişəsinin tez bir zamanda həllini istəyiriksə, Rusiya ilə səmərəli əməkdaşlığın və sıx qonşuluq münasibətlərinin qurulmasında Ermənistandan önə keçməliyik. Həmçinin, düşmən ölkənin Rusiya üçün əhəmiyyətsiz ölkə halına gəlməsi üçün bütün məqbul vasitələrdən istifadə etməliyik”.