Ermənistanın faşizm sevgisi: Njdeni "qəhrəman" elan edib, ona abidə ucaldırlar

“Bir müddət əvvəl Prezident İlham Əliyev tərəfindən faşist Qaregin Njde ilə bağlı məsələnin qeyd edilməsi Rusiya mətbuatında geniş müzakirələrə səbəb oldu”.

Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik vurğulayıb ki, hətta Rusiyanın Ermənistandakı səfiri də Njde ilə bağlı fikirlərini bəyan etdi. O cümlədən Rusiyanın cənub bölgələrində erməni diasporası və yerli idarəetmə orqanları arasında qarşıdurma yaşandı: 



“Bütün bunlar onu göstərir ki, faşist Njdenin açıq şəkildə dəstəklənməsi olduqca ciddi məsələdir. Ermənistan uzun müddət SSRİ-nin tərkibində olmasına baxmayaraq, indiki rəhbərlik keçmiş sovet xalqlarına, ümumiyyətlə bəşəriyyətə qarşı qanlı savaş elan etmiş alman faşistlərinə rəğbət bəsləyirlər. Faşizmin qələbəsi uğrunda mübarizə aparmış Njdeni “qəhrəman” elan edir, ona abidə ucaldırlar. Azərbaycan isə işğalçı Ermənistanın əksinə olaraq, hər zaman terrorizmə, faşizmə, şovinizmə qarşı çıxıb və aktiv mübarizə aparıb. Keçən həftə Rusiyaya səfər edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva Moskvadakı naməlum əsgərin məzarını ziyarət edərək Azərbaycanın mövqeyini ortaya qoydu. Bizim qlobal sabitliyə və tərəqqiyə verdiyimiz töhfələr göz önündədir. Hesab edirik ki, bu həqiqətlər digər ölkələr, xüsusən müsəlman dövlətlər tərəfindən də xüsusi qeyd olunmalı və qiymətləndirilməlidir”.