Reallıq isə odur ki, sözügedən bölgədə İŞİD təhlükəsi yoxdur
ABŞ Suriyanın şimalında İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata yenidən başlayıb. “Nyu York Tamys” nəşrinin məlumatına görə, Amerika bölgədəki kürd silahlıları ilə birlikdə keçirdiyi əməliyyat zamanı çox sayda İŞİD üzvü öldürülüb. 10-dan çox terrorçunun isə saxlanıldığı bildirilib. Siyasi şərhçilərin fikrincə, Amerika mediası tərəfindən tirajlanan bu məlumatlar həqiqəti əks etdirmir. Bu tipli informasiyaların yayılması siyasi məqsədlərə xidmət edir.
Yayılan məlumatları “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri vurğulayıb ki, Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” əməliyyatından sonra bölgədə yeni geosiyasi vəziyyət yaranıb.
Analitikin sözlərinə görə, ABŞ-ın və onun rəhbərlik etdiyi koalisiyanın Suriyada varlığı məsələsi yenidən gündəmə gəlib:
“İllər öncə yaradılmış hərbi koalisiyanın missiyası İŞİD-ə qarşı mübarizə aparmaq idi. Əgər hazırda Suriyada İŞİD təhlükəsi yoxdursa, o zaman koalisiyanın və Amerikanın da bölgədə qalmasına ehtiyac qalmır. Bölgədə qalmağa zəmin yaratmaq üçün zaman-zaman bu cür səhnələşdirilmiş teatr şousundan istifadə olunur. Bildiyiniz kimi “Sülh çeşməsi” hərəkatı çərçivəsində PKK və YPG terrorçuları onların nəzarətində olan yüzlərlə İŞİD terrorçularını həbsdən buraxıblar. Təbii ki, sayları çox az olan terrorçular Suriyada nə ABŞ, nə Rusiya və İran, nə də Əsəd rejiminə təhlükə yaradır. Vaşinqton bu cür azsaylı qruplara qarşı süni əməliyyatlar keçirməklə İŞİD-in hələ də Suriyada təhlükə mənbəyi olduğunu göstərməyə çalışır. Məhz bu sayədə Amerika qoşunlarının Suriyada qalmasına zəmin hazırlayırlar”.
N.Mirinin sözlərinə görə, ABŞ rəhbərliyinin Suriyadakı neft mərkəzlərini yerli hökumətə təhvil vermək istəməməsi əksər ölkələrin narazılığına səbəb olub:
“Beynəlxalq hüquqa görə, Suriya ərazisində olan neft yataqları yerli xalqa məxsusdur. Lakin Vaşinqton Suriya dövləti və xalqı əvəzinə qərar verərək, strateji əhəmiyyəti olan bir sərvəti kürd terrorçularına həvalə edir. Bu da terrorçu qruplaşmanın öz maliyyəsini neft mədənləri hesabına təmin etməsinə şərait yaradır. Amerikanın terrorçulara qarşı hərbi əməliyyat şousu beynəlxalq rəyi çaşdırmağa yönəlib. Reallıq odur ki, sözügedən bölgədə artıq İŞİD təhlükəsi yoxdur. Söhbət bəsit silahlarla silahlanmış 40-50 terrorçudan gedir ki, onlar üçün də genişmiqyaslı hərbi əməliyyata ehtiyac yoxdur”.