“Ölkədə gedən ictimai-siyasi proseslər fonunda Yeni Azərbaycan Partiyasının belə bir təşəbbüs göstərməsi çox təqdirəlayiqdir”. Bunu Sherg.az-a açıqlamasında Milli Məclisin sabiq sədri Yaqub Məmmədov deyib.
Eks-spiker bildirib ki, YAP-ın qərarı zamanında atılıb:
“Azərbaycanda dövlət başçısının birbaşa rəhbərliyi ilə bütün sahələrdə ciddi kadr islahatları gedir. Qurumlarda gəncləşmə siyasəti həyata keçirilir. Məlumdur ki, indiki şəraitdə parlament özünü doğrultmur. Ona görə də tərkibi mütləq dəyişməlidir. Parlamentdə də islahatlar aparılmalı, gənc insanlar təmsil olunmalı, yeni simalar, təmiz adamlar gəlməlidir. Bu baxımdan hesab edirəm ki, YAP-ın təşəbbüsü çox müsbət addımdır”.
Y.Məmmədovun sözlərinə görə, yaşlı deputatlar öz missiyalarını çoxdan yerinə yetiriblər:
“Elə deputat var ki, 20-25 ildir parlamentdədir. Düzdür, onlar müəyyən qanunların qəbulunda iştirak ediblər, öz xidmətlərini göstəriblər. Bunu inkar etmirik, amma müasir zaman yenilik və dəyişim tələb edir. Yeni fikirli şəxslərə ehtiyac var. Bizə dünyada gedən proseslərə adekvat cavab verməyi bacaran kadrlar lazımdır. Yaxşı olar ki, uzun zamandır parlamentdə oturan deputatlar gənclərə də şərait yaratsınlar”.